İstanbulda xüsusi əməliyyat: 7 İsrail kəşfiyyatçısı yaxalandı

Türkiyə polisi və kəşfiyyatı İstanbulda İsrail kəşfiyyat xidməti Mossad-da işləməkdə şübhəli bilinən 7 nəfəri saxlayıb.

Bizimxeber.az bildirir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya "X" sosial şəbəkəsində xüsusi əməliyyatın videosunu yayımlayaraq məlumat verib.

Öz növbəsində, TRT telekanalı həbs olunanlar arasında vaxtaşırı yerli televiziya kanallarının səhər verilişlərinə dəvət olunan keçmiş dövlət qulluqçusu, özəl detektiv Həmzə Turhan Ayberk olduğunu bildirib.

Müstəntiqlərin fikrincə, o, İsrail kəşfiyyatını pul müqabilində məlumat, o cümlədən Yaxın Şərqdən olan şəxslərin və Türkiyədəki şirkətlərin fəaliyyəti ilə bağlı məlumatlarla təmin edib.

O, xüsusi müşahidə avadanlığının köməyi ilə onların bəzilərini izləyib və məlumatları operativ şəkildə Mossad-a ötürüb. Nəşrin məlumatına görə, Ayberk bu iş üçün 2019-cu ildə Belqradda təlim keçib.

Qeyd edək ki, ilin əvvəlində Türkiyə əks-kəşfiyyatının keçirdiyi əməliyyat nəticəsində 34 nəfər İsrail kəşfiyyat xidməti Mossad-da Türkiyədə işləməkdə şübhəli bilinərək saxlanılıb.