İsrail Dəməşq Hava Limanına raket atdı

Suriya ordusu İsrailin Dəməşq Beynəlxalq Hava Limanını raket hücumu ilə sıradan çıxardığını açıqlayıb. 

Bizimxeber.az bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.

Suriya ordusunun yaydığı bəyanatda bildirilir ki, havadan buraxılan raketlər hava limanına yerli vaxtla səhər saat 2-də düşüb. Onun sözlərinə görə, atəş İsrailin Tiberiya gölü bölgəsindən həyata keçirilib. Dəməşqin cənub bölgələri də atəşə tutulub. Orada raket hücumu nəticəsində Suriya silahlı qüvvələrinin iki üzvü həlak olub, ordu infrastrukturuna da ziyan dəyib.

Suriyanın SANA dövlət agentliyinin "The Jerusalem Post"a istinadən verdiyi məlumata görə, İsrailin atəşə tutması nəticəsində 2 əsgər ölüb, 2-si yaralanıb. 

Reuters mənbələrinin məlumatına görə, Bəşər Əsəd rejiminə dəstək verən İranın hərbiləşdirilmiş Əl-Qüds qüvvələrinin nəzarət-buraxılış məntəqəsi atəşə tutulub.

İsrail tərəfi hələlik insidentlə bağlı açıqlama verməyib.

2022-ci ildə İsrail İranın Suriya və Livandakı müttəfiqlərinə, o cümlədən Hizbullaha (Livan radikal qrupu) silah tədarükünün qarşısını almaq üçün Suriya hava limanlarına zərbələrini artırdı.

Keçən iyun ayında İsrailin raket zərbəsi eniş zolağına və terminal binasına ziyan vurmasından sonra Suriya Dəməşq Beynəlxalq Hava Limanında əməliyyatları artıq iki həftə müddətinə dayandırmışdı. Sentyabrda İsrailin hücumundan sonra Suriyanın ikinci ən böyük şəhəri Hələbin hava limanı bir neçə gün bağlanıb.