İranlı aktrisa edam olunacaq? - SEPAH-ın qəzeti onun həbsinə haqq qazandırdı

İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın "Cavan” qəzeti iranlı kinoaktrisa Təranə Əlidostinin həbsinə haqq qazandırıb. 

Qəzet İranda 22 yaşlı Məhsa Əminin polis bölməsində ölməsinə etiraz olaraq keçirilən aksiyalara dəstək verən kinoaktrisanın həbsinə etirazlara məhəl qoyulmamasına çağırış edib.

SEPAH-a yaxın qəzetin belə bir məqalə ilə çıxış etməsi Təranə Əlidosti ilə bağlı sərt qərar verilə biləcəyi barədə ehtimallara səbəb olub. 
İran ictimaiyyəti də bundan narahatlıq keçirir. Xüsusilə, İranın mədəniyyət və incəsənət xadimləri Əlidostinin həbsini qəbuledilməz sayır və onun edam oluna biləcəyindən narahatdır. 

Bu arada İranın Müstəqil Kinorejissorlar Assosiasiyası Əlidosti ilə bağlı bəyanat yayıb. Onlar kinoakstrisa ilə həmrəy olduqlarını bəyan ediblər.
Assosiasiya Əlidostinin həbsini İrandakı teokratik rejimin etirazçılara qarşı apardığı repressiv siyasətin tərkib hissəsi kimi qiymətləndirir. 
Bəyanat müəllifləri aktrisanın dərhal azadlığa buraxılmasını tələb edib. 
Ətraflı

Məlumat üçün deyək ki, Təranə Əlidosti dekabrın 17-də həbs edilib. O, sosial şəbəkələrdə İrandakı aksiyaları dəstəkləyən paylaşımlar edib. 

İranda Mohsen Şekari və Məcid Reza Rəhnəvərdin edamından sonra aksiyaların səngiyəcəyi düşünülürdü. Ölkə hakimiyyəti də edamlardan sonra artıq aksiyaların bitdiyini bəyan edib. Lakin aksiyalar hələ də davam edib.

İranın bir çox şəhərlərində insanlar ən müxtəlif forma və üsullarla etirazlarını bildirir. Hakimiyyət repressiya siyasətini davam etdirməsi, eyni zamanda həbs edilənlərdən 30-ya yaxın etirazçını edam təhlükəsi altında olması da aksiyaların bitmədiyini göstərir.