İranın zəifləyən Rusiyadan kömək umması çarəsizlikdəndir

İran hökuməti, Milli Şura Məclisi də daxil olmaqla, ümumxalq etirazlarına görə dərin böhran içindədir. Bu böhranı həll edib, narazı xalqın tələblərinə əməl etməkdənsə, alternativ yollar axtarırlar. Bu isə dünyanın demokratik qüvvələri tərəfindən müsbət qarşılanmır.

Bunu Yenipress.az-a Güney azərbaycanlı fəal Abdulla Əmir Haşimi Cavanşir deyib.

O bildirib ki, etirazlar fonunda beynəlxalq təzyiqlərə məruz qalan İran Rusiya kimi totalitar idarəetmə sistemli bir ölkəyə üz tutmağa məcbur olub:

“Hər iki dövlət dünya tərəfindən təcrid olunmuş durumdadır. Eyni vəziyyətdə olduqlarından bir-birlərinə yardım edə biləcəklərini düşünürlər. Rusiya artıq bir ilə yaxındır Ukraynada müharibə aparır və bu da onu iqtisadi cəhətdən zəiflədib. İran Rusiyaya dronlar verməklə, müharibənin tərkib hissəsinə çevrilib. Bu isə Qərb ölkələri və beynəlxalq təşkilatlar tərəfindən qəzəblə qarşılanıb. İrana qarşı xoş münasibət yoxdur. O, yaxşı münasibəti öz hərbi müttəfiqi olan Rusiyadan gözləyir. İran Rusiya vasitəsi ilə qurtuluş yolu axtarır. Bu  yaxınlaşma çarəsiz bir hərəkətdir və nəticələri olmayacaq”.

Onun sözlərinə görə, İran getdikcə iqtisadi böhranın dərinləşməsi ilə üzləşəcək:

“Hətta İranın ən yaxın tərəfdaşı Çin ilə münasibətinin əvvəlki kimi sıx olmadığını görürük. Əvəzində Çin Ərəbistanla əməkdaşlığı gücləndirir. Deyərdim ki, bahalıq və işsizliyin artması etirazları qaçılmaz edəcək. İran və Rusiya kimi ölkələr baş verən siyasi, iqtisadi, etnik böhranların həllini aradan qaldırmaqdansa, bu problemin həllinə çalışan insanları aradan götürməklə məşğuldurlar ”.

Fəal həmçinin İran-Rusiya əməkdaşlığının genişlənməsi fonunda ümumxalq etirazlarının yatırılması ilə bağlı rəsmi Moskvanın Tehrana məsləhətlər verə biləcəyini də istisna etməyib: “Ola bilsin, Rusiya İranda etirazları necə yatırmaqla bağlı tövsiyələr versin. Amma bu, faydasız olacaq”.