İran İsrailə hücumla bağlı Türkiyəyə əvvəlcədən xəbərdarlıq edib

İran, nəhayət, aprelin 14-ü gecə baş tutan İsrailə qarşı planlaşdırılan əməliyyat barədə Türkiyəni əvvəlcədən məlumatlandırıb.

Bizimxeber.az bildirir ki, bu barədə “Reuters” Türkiyə rəsmiləri arasında olan mənbələrə istinadən məlumat yayıb.

Agentliyin mənbələri bildiriblər ki, ABŞ da öz növbəsində Türkiyə vasitəsilə İrana onun istənilən hərəkətinin “müəyyən hədlər daxilində” olması lazım olduğunu çatdırıb. “İran cavab olaraq bildirib ki, reaksiya İsrailin Dəməşqdəki diplomatik obyektinə hücumuna cavab olacaq və bu hədləri aşmayacaq”.

Agentliyin məlumatında qeyd olunur ki, adının açıqlanmasını istəməyən türk mənbə bildirib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan keçən həftə amerikalı və iranlı həmkarları ilə İranın planlaşdırılan əməliyyatını müzakirə etmək üçün danışıb, Ankara hadisələrin mümkün inkişafı ilə bağlı məlumatlandırılıb.