Hakimlər və sosial media – nəyi, necə, hansı tonda yazmaq, demək olar?

Avropa Məhkəməsi fevralda elan etdiyi Danilet Rumıniyaya qarşı işi üzrə qərarında bu suala aydınlıq gətirir, daha doğrusu, buna çalışır, növbəti mübahisələrdə ərizəçilər üçün ip ucları verir.

Bu işdə ərizəçi Vasilică-Cristi Danilet Rumıniya məhkəmələrindən birinin hakimi idi. Cəmiyyət arasında tanınırdı - əvvəllər ədliyyə nazirinin müşaviri də olmuşdu, həm də ölkənin ictimai-siyasi həyatına biganə deyildi, vaxtaşırı xüsusilə, demokratiya, qanunun aliliyi və məhkəmə sisteminin durumu ilə bağlı ictimai müzakirələrdə iştirak edirdi.

Danilet 2019-cu ildə özünün facebook səhifəsində güc strukturlarının – xüsusi xidmət, prokurorluq, polis orqanlarının fəaliyyətini, yoxlamalarını, nəzarət tədbirlərini sərt tənqid edib, insanların, qurumların bundan bezdiyini ifadə edib. O, həmçinin, ordunun belə duruma müdaxilə edə biləcəyini vurğulayıb:
“Konstitusiyaya görə, ordu demokratiyanı qorumaq üçün yalnız xalqın iradəsinə tabedir. Bir gün Ordunu küçələrdə görsəniz, təəccüblənəcəksiniz?... Belə bir həll yolunun Konstitusiyaya uyğun olduğunu bilsəniz təəccüblənərsiniz?...”, hakim yazıb.

“Rumınski” Məhkəmə Hüquq Şurası bir neçə gün sonra fövqəladə yox, adi qaydada toplanıb, hakimin paylaşımlarını müzakirə edib. Hesab edib ki, hakimin paylaşımlarında istifadə etdiyi dil, icazə verilən hədləri, nəzakət ölçülərini keçib, hakimə layiq olmayıb. Hakim cəzalandırılıb - iki ay ərzində maaşının 5%-i tutulsun.
Yerli məhkəmələr bu qərarın ifadə azadlığı hüququna zidd olduğunu iddia edən hakimin tələblərini rədd etdiyindən o, Avropa Məhkəməsinə şikayət edib. 
Hakimə qarşı sanksiyanı hüquqi əsaslarının olduğu, qanuni məqsədə xidmət etdiyini ifadə edən Avropa Məhkəməsi sanksiyanın mütənasib olmadığı qənaətinə gəlib.

Məhkəməyə görə, hakimlər də ifadə azadlığından istifadə edə bilərlər, ancaq bu haqlarını həyata keçirərkən müəyyən məhdudiyyətlərə tabe olmalarını unutmamalıdılar, cəmiyyət onların qərəzsiz olduğunu görməlidir. Çünki, hakimlərin düşüncələri, sözləri, yazdıqları cəmiyyət tərəfindən “obyektiv” qəbul edilir, təkcə fərdin yox, həm də məhkəmə sisteminin ifadəsi kimi qəbul oluna bilir. 

“Hazırkı işdə Məhkəmə Hüquq Şurası mübahisə olunan maraqların daha yaxşı tarazlaşdırmasını aparmalı idi. Ərizəçi ümumi maraq doğuran məsələni konkret siyasi kontekstdə müzakirəyə çıxarıb, belə durumlarda ərizəçinin düşüncələrinin tənzimlənməsi məsələsində rəsmilər daha dar mülahizə sərbəstliyinə malikdirlər. Həmkarlarının etibarına, nüfuzuna xələl gətirən ifadələrə yol verməyən ərizəçinin dilə gətirdiklərinin hüquqi əsaslara malik qiymətləndirici mülahizələr olub-omadığı da lazımi qaydada araşdırılmayıb. Həm də belə sanksiyaların digərlərinə çəkindirici effect göstərəcəyi də diqqətə alınmayıb”, məhkəmə deyib və hakimə münasibətdə ifadə azadlığı hüququnun pozulmasına qərar verib.

Məhkəmə hakimlərindən 4-ü ifadə azadlığı hüququnun pozulmasına, 3-ü pozulmamasına qərar verib. Tez-tez rastlanan hal deyil. Qərara müxalif olan 3 hakimin əsas düşüncələri budur ki, cənab Danilet məhkəmə sistemi çərçivəsindən kənara çıxan siyasi prosesləri şərh etməməli idi. Həm də onlara görə, hakimin istifadə etdiyi dil, verdiyi mesajların tonu da uyğun deyildi və belə işlərdə dar mülahizə sərbəstliyinin tətbiqi doğru görünmür.

Media eksperti Xalid Ağalı