"Gürcüstanın hüquqları" hüquq- müdafiə təşkilatı Azərbaycanın “Azel” TV saytının rəhbəri, sentyabrın 21-dən istintaq təcridxanasında aclıq edən Əfqan Sadıqovun səhhətinə görə narahatlığını bildirib.
Oktyabrın 2-də və 3-də "Gürcüstanın hüquqları" təşkilatının hüquqşünasları təcridxanada Əfqan Sadıqovla görüşüblər. Onlar Sadıqovun səhhətinin pisləşməsinə diqqət yetiriblər. Vəkillərin sözlərinə görə, ona hərəkət etmək, danışmaq və konsentrə olmaq çətindir.
Bununla əlaqədar "Gürcüstanın hüquqları" təşkilatı Penitensiar Xidmətə müraciət edərək Əfqan Sadıqovun müvafiq tibb müəssisəsinə köçürülməsini xahiş edib.
Gürcüstan ombudsmanına Əfqan Sadıqovun vəziyyəti barədə məlumat verilib.
* Əfqan Sadıqov təqib olunmaqdan ehtiyat edərək 2023-cü ilin dekabrında ailəsilə birlikdə Gürcüstana gedib. İyulda onu Gürcüstandan Türkiyəyə buraxmayıblar, deyiblər ki, ancaq Azərbaycana gedə bilər.
Avqustda Azərbaycanın tələbilə həbs edilib. Bakıda onu təhdid yoluyla qəsb etməkdə ittiham edirlər və ekstradisiyasını tələb edirlər. Əfqan Sadıqov həbsinə və ona sığınacaq verməkdən imtina olunmasına etiraz edərək sentyabrın 21-dən aclıq edir.