Gürcüstanda NATO ölkələrinin iştirakı ilə hərbi təlimlər başlayır

Qarşıdakı iki həftə ərzində Gürcüstan, eləcə də NATO-ya üzv ölkələrin hərbçiləri “Troya izi” adlı çoxmillətli hərbi təlim keçirəcək.

Bizimxeber.az bildirir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi və ABŞ səfirliyi məlumat yayıb. Əsgərlər dünya miqyasında tərəfdaşlar və müttəfiqlər şəbəkəsində əməkdaşlığı və koordinasiyanı təkmilləşdirmək üçün çalışacaqlar.

"Gürcüstan üçüncü dəfə təlimdə iştirak etməklə, müdafiə qabiliyyətini və NATO-ya üzv ölkələrlə qarşılıqlı fəaliyyət qabiliyyətini daha da gücləndirəcək. Troya izi təliminə ABŞ-ın Avropadakı Xüsusi Əməliyyatlar Komandanlığı rəhbərlik edir", - ABŞ diplomatik xidmətinin bəyanatında deyilir. .

Təlimlər eyni vaxtda üç ölkədə - Rumıniya, Yunanıstan və Gürcüstanda keçirilir. Gürcüstanda baş tutacaq komponentdə ABŞ, Böyük Britaniya, Rumıniya, Polşa və İspaniyadan olan xüsusi təyinatlıların nümayəndələri iştirak edir.

Təlimlərə Gürcüstan Müdafiə Nazirliyinin ərazi müdafiəsinin ehtiyat hissələri və könüllü təşkilatların nümayəndələri də qatılacaq. Hərbçilər Gürcüstanın həm şərqində, həm də qərbində quruda və dənizdə müxtəlif tapşırıqları yerinə yetirəcəklər. 

Xatırladaq ki, 13 ölkədən 20 mindən çox əsgər Finlandiya, Norveç və İsveçin şimal bölgələrində NATO təlimlərində iştirak etməyə başlayıb .