Gürcüstanda etirazların 4-cü günü - XİN -də prezidenti dəstəklədi

Gürcüstanda ardıcıl dördüncü gündür ki, etiraz aksiyaları davam edir. Ötən axşam üç şəhərdə insanlar “xarici agentlər” haqqında qanuna etirazı davam etdiriblər.

Bizimxeber.az “Novosti-Qruziya”ya istinadən bildirir ki, Tbilisidə mitinq iki tələbə təşkilatı tərəfindən təşkil edilib, ümumilikdə bir neçə yüz adam istirak edib. Əvvəlcə Rustaveli prospektində parlamentin binasının altına toplaşan tələbələr oradan hökumət binasına və hakim “Gürcü arzusu” partiyasının ofisinə doğru yürüş edib.

Zuqdidi və Horada da mitinqlər keçirilib. Qoridə sakinlər AB və Gürcüstan bayraqları və “Rusiya qanunlarına yox”, “Rusiya tərəfindən bombalanan şəhər Rusiya qanununu qəbul etməyəcək”, “Seçimimiz Avropadır” plakatları ilə mərkəzə gəlib. 

Qanun layihəsinin ikinci oxunuşda səsverməyə çıxarılacağı gün növbəti ən böyük etiraz aksiyalarının keçirilməsi gözlənilir. Tarix hələ müəyyən edilməyib, lakin parlamentin yeni iclas həftəsi aprelin 30-da başlayacaq. Ən böyük müxalifət partiyaları qanunun ikinci oxunuşda qəbul edilməsinin qarşısını almaq üçün “tam səfərbərlik” elan ediblər. 

Bildiyiniz kimi, Qərbin və vətəndaş cəmiyyətinin bəyənməməsinə baxmayaraq, Gürcüstanın baş naziri İraklii Kobaxidze bəyan edir ki, qalmaqallı qanunun  yekun qəbuluna heç nə mane ola bilməz. Gürcüstan prezidenti Salome Zurabişvili  qalmaqallı qanuna veto qoyacağını deyib  , lakin etiraf edib ki, çox güman ki, parlament onu ləğv edəcək. 

Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstanın baş nazirinin “xarici agentlər” və Ukrayna haqqında qanunla bağlı bəyanatından hiddətləndiyini bildirib.