Gürcüstan müxalifəti birləşir - Saakaşvilinin partiyası da razılaşıb

Gürcüstanda müxalifət partiyaları payızda keçiriləcək parlament seçkilərində iştirak etmək üçün ittifaqlar yaratmağa başlayıb.

Bizimxeber.az bildirir ki, bu barədə “Novosti-Georgia” xəbər verib.

Müxalifətdə olan "Axali", "Girçi - daha çox azadlıq" və "Droa" partiyaları blokda birləşdiklərini elan edərək, bülletendə dördüncü nömrə ilə seçkiyə gedəcəklərini bildiriblər.

“Respublika Partiyası”nın lideri Xatuna Samnidze bildirib ki, onlar da bu blokla birləşməyi nəzərdən keçirirlər.  Müxalif “Lelo” partiyasının da birləşməsini istisna etmirlər, onlarla danışıqlar davam edir. 

Həmçinin Saakaşvilinin "Vahid Milli Hərəkat" və "Strategiya Aqmaşenebeli" partiyası seçkilərdə iştirak etmək üçün birləşdiklərini bəyan ediblər - alyans seçkilərə "Birlik" adlı beşinci nömrə altında gedəcək. 

Keçmiş baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyası heç kimlə birləşmir.

Həmçinin “Avropa Gürcüstanı”nın kiməsə qoşulub-qoşulmayacağı hələlik məlum deyil. 

Xatırladırıq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-na təyin edilib və ilk dəfə tam şəkildə proporsional sistemlə keçiriləcək ki, bu da müxalifətin şansını artırır. 

Bu arada ABŞ Dövlət Departamenti oktyabrda keçirilən parlament seçkilərindən sonra "Gürcüstanda hakimiyyət dəyişikliyinə nail olmaq" üçün Amerika planı quran Rusiya Xarici Kəşfiyyat Xidmətinin iddialarını ələ salıb.