Gürcü parlamenti xarici təsir altındadır - Qalmaqallı qanunu dəyişiblər

Məlum olub ki, gürcü parlamentinin mayın 14-də üçüncü və son oxunuşda qəbul etdiyi mübahisəli "Xarici Agentlər" haqqında qanunun yekun variantına dəyişiklik edilib. 

Dəyişikliyə görə, qanun şübhəli agentlər haqqında məlumatların açıqlanmamasına görə fiziki şəxslərə cərimələr də tətbiq etməyə imkan verir.

Hansı ki, qanunun birinci oxunuşda qəbul edilmiş ilkin variantında yalnız hüquqi şəxslərə qarşı belə cəzalar nəzərdə tutulub.

Prosesə nəzarət edən qeyri-hökumət eksperti qanunun son, qəbul olunmuş variantını ətraflı öyrəndikdən sonra bunu görüblər. Qanunun əvvəlki versiyaları hazırda parlamentin rəsmi saytında mövcud deyil.

Yenə də əvvəlki layihələr üzərində işləyən hüquqşünaslar orijinal nüsxələri götürdülər və dəyişiklikləri üzləşdiriblər.

Düzəliş edilmiş mətnin üçüncü, yekun oxunuşda deputatlara paylanılıb-paylanmadığı hələ də bəlli deyil. Prosedur qaydalarına əsasən, yekun, üçüncü oxunuş zamanı yalnız redaksiya xarakterli dəyişikliklər edilə bilər.

Qanunda nəzərdə tutulub ki, bu məqsədlə Ədliyyə Nazirliyinin səlahiyyətli vəzifəli şəxsləri “bütün şəxslərdən , orqanlardan, təşkilatlardan və hüquqi şəxslərdən” şəxsi məlumatları, o cümlədən məxfi məlumatların əksər növlərini (qanunla müəyyən edilmiş sirrlər istisna olmaqla) tələb edə bilər. Bu cür məlumatların təqdim edilməməsi 5000 lari (təxminən 1800 ABŞ dolları) məbləğində cərimə ilə nəticələnir. Qanunun əvvəlki variantında fiziki şəxslərə qarşı heç bir cəza nəzərdə tutulmurdu.

Bu gün məsələyə münasibət bildirən parlament sədri Şalva Papuaşvili  deyib ki, aşkar edilən düzəliş iki həftə əvvəl ikinci oxunuşda müzakirə olunub. Papuaşvili bildirib ki, fiziki şəxslər xarici təsirin daşıyıcısı kimi qeydiyyata alınmayacaq, sadəcə olaraq sorğu əsasında müvafiq məlumatları təqdim etməyə borclu olacaqlar.