“Gürcü arzusu”parlament seçkilərini oğurlamağa hazırlaşır - AŞPA

Avropa Şurası Parlament Assambleyasının 24 nümayəndəsi Gürcüstanın hakim partiyası “Gürcü arzusu”nun oktyabrın 26-da keçiriləcək parlament seçkilərini oğurlamağa hazırlaşmasından narahatlığını bildirib.

Bizimxeber.az bildirir ki, bu barədə AŞPA-nın saytında dərc olunmuş bəyanatda deyilir.

Bəyənatı imzalayanlar iddia edirlər ki, “Gürcü arzusu” müxalifət namizədləri və onların tərəfdarlarına qarşı kütləvi hədə-qorxu kampaniyasına, eləcə də müxalifət fəallarına fiziki hücumlara başlayıb.

Səsvermənin məxfiliyini şübhə altına alan yalan məlumatlar yaymaqla da seçiciləri qorxudurlar – “hakimiyyət sizin necə səs verdiyinizi öyrənəcək və bunun nəticələri olacaq”, - deyə məlumatda bildirilir.

Onlar həmçinin Gürcüstanda keçirilən parlament seçkilərində müstəqil müşahidəçilərin qeydiyyata alınmasındakı əngəlləri və hakimiyyətin Mərkəzi Seçki Komissiyasına nəzarəti ələ keçirməsindən danışıblar.

"Bu cür hərəkətlər azad və ədalətli seçkilərin keçirilməsinin çox çətin olduğu seçkiqabağı şərait yaradıb. Seçkilərin nəticələrinin beynəlxalq aləmdə tanınmasına nail olmaq üçün hakimiyyət antidemokratik hərəkətləri dayandırmalı və kursu dəyişməlidir". AŞPA nümayəndələri bildirirlər.

Bəyanatı 15 ölkənin parlament üzvləri -Estoniya, Andorra, Monako, Ukrayna, İtaliya, Norveç, Latviya, Finlandiya, Litva, Lüksemburq, Yunanıstan, Polşa, Xorvatiya, İsveç və Danimarka imzalayıblar.