Fransanın yeni hökumət artıq etimadsızlıq səsverməsi ilə üz-üzədir

Mişel Barnierin rəhbərlik etdiyi yeni Fransa hökuməti təyin olunmasından cəmi 16 gün sonra artıq etimadsızlıq səsverməsi təhlükəsi ilə qarşılaşıb.

Bizimxeber.az bildirir ki, bu barədə BFMTV xəbər yayıb.

Yeni baş nazirin hökuməti bu şənbə təqdim edilib. Lakin Beşinci Respublika tarixində ilk dəfə olaraq hökumət Milli Məclisdə nə çoxluğa, nə də nisbi səsə sahibdir. Bu qeyri-adi vəziyyət hökumətin siyasi cəhətdən zəiflədiyini və deputatların etimadsızlıq mexanizmindən istifadə edərək onu istefaya göndərə biləcəklərini göstərir.

İfrat sağçı Milli Birliyin lideri Jordan Bardella yeni hökumətə qarşı sərt çıxış edib və hökumət komandasının taleyinin Milli Birlik qrupunun əlində olduğunu vurğulayıb. Bardella, hökuməti "makronizmin arxa qapıdan qayıdışı" kimi qiymətləndirib və "gələcəyi olmayan hakimiyyət" adlandırıb.

Solçu “Yeni Xalq Cəbhəsi” isə hələ nazirlər siyahısı elan edilməmişdən əvvəl hökumətə etimadsızlıq səsverməsi keçirilməsi niyyətini bəyan etmişdi.

“Fəth edilməmiş Fransa”nın lideri Jan-Lyuk Melenşon bu hökuməti “legitimliyi və gələcəyi olmayan uduzanlar hökuməti” adlandırıb. Sosialist Olivye For isə bunu “demokratiyanın alçaldılması” kimi qiymətləndirib.

Xatırladaq ki, şənbə günü prezident Emmanuel Makron bütün siyasi qüvvələri baş nazir Mişel Barnierin rəhbərliyi ilə hökumətə dəstək verməyə çağırıb.