"Forum 2000" beynəlxalq konfransında stend

Oktyabrın 13-də Çex Respublikasının paytaxtı Praqada "Forum 2000" beynəlxalq konfransı start götürüb. Tədbirin keçirildiyi binanın foyesində Azərbaycandakı məhbuslar barədə fotolar və məlumatların əks olunduğu stendlər yerləşdirilib.

Stendlərdə talış hüquqları tədqiqatçısı İqbal Əbilov, iqtisadçı alim Fazil Qasımov, "Toplum TV işi" üzrə saxlanılanlar, "Abzas Media işi" üzrə saxlanılanlar və digərləri barədə məlumatlar yer alıb.

"Forum 2000" 1996-cı ildən keçirilir. Konfransın bu ilki mövzusunun "Demokratiyanın qətiyyəti və möhkəmliyinin sübut etmək" olduğu bildirilir. Konfransa bir sıra görkəmli iştirakçıların - rusiyalı müxalif siyasətçi Vladimir Kara-Murza, Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya və Polşanın keçmiş prezidenti Lex Valensa və digərlərinin qatılacağı təşkilatçılar tərəfindən açıqlanıb.

Tədbirdə həmçinin Çex Respublikasının Prezidenti Pyotr Pavelin də nitq söyləyəcəyi bildirilib.

Hazırda bir sıra yerli və beynəlxalq insan haqları təşkilatlarının hesablamalarına görə, Azərbaycanda 300-ə yaxın siyasi məhbus var. Son 1 ildə isə ölkədə 20-yə yaxın jurnalist, ictimai fəal və siyasətçi maliyyə qaçaqmalçılığı ittihamı ilə saxlanılıb. Həbslərin böyük əksəriyyəti "Toplum TV işi" və "Abzas Media işləri" üzrə həyata keçirilib. Saxlanılanların heç biri özlərinə qarşı səsləndirilən ittihamları qəbul etmir və bunu siyasi sifariş adlandırırlar. Azərbaycan hakimiyyəti isə səsləndirilən iddialarla razılaşmır və ölkədə heç kimin siyasi səbəblərə görə həbs edilmədiyini bildirir.

Bu il Vaslav Havel İnsan Haqları Mükafatına namizədlər sırasında "Toplum TV işi" üzrə həbs edilən Demokratik Təşəbbüslər İnstitutunun və Üçüncü Respublika Platformasının qurucu üzvlərindən biri və spikeri Akif Qurbanovun adı yer almışdı. Yekunda mükafata Venesuela müxalifətinin lideri Mariya Korina Maçado layiq görülmüşdü. /Azadlıq radiosu/