Ermənistan Müdafiə Nazirliyi 4 hərbçisinin öldüyünü açıqladı

Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin məhv edilən hərbçilərinin sayı 4-ə çatıb.

Bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Koçaryan "Azatutyun” radiostansiyasına deyib. Daha əvvəl, Ermənistan Müdafiə Nazirliyi 2 hərbçisinin öldüyü və bir neçə nəfərin yaralandığı barədə məlumat vermişdi. Ermənistan Müdafiə Nazirliyi də 4 hərbçisinin öldüyünü, birinin yaralandığını açıqlayıb.

09.45

 
Ermənistan Müdafiə Nazirliyi fevralın 13-də səhər saatlarında iki hərbçisinin öldüyünü bildirib. Hadisə Nerkin-And istiqamətində baş verib.

Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.