Ərdoğan əsəbləşdi - "Bəziləri ikili struktur yaratmağa çalışırlar..."

"Hökumət keçmiş yerli seçkilərin nəticələrindən dərs çıxaracaq".

Bizimxeber.az bildirir ki, bunu  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Görürük ki, bunların yerli seçkilər olduğunu unudub, korrupsiyaya bulaşaraq, müxtəlif ambisiyalara qapılanlar var. Ölkəni idarə edəcəklərini düşünən yazıqlar. Bəziləri ikili struktur yaratmağa çalışırlar - yerli idarəetmə və mərkəzi... Yalnız bir hökumət var və millətin ölkəni idarə etməyə səlahiyyət verdiyi prezident və onun kabinetidir”, - deyə Ərdoğan  bildirib.

Onun fikrincə, demokratiya ilk növbədə xalqın iradəsini qəbul etmək deməkdir və millətin seçiminə zidd deyil.

“Müxalifətin etdiyi kimi, rəqəmləri təhrif edib, əyərək təhlil etmək bizə yaraşmaz, biz hamıdan əvvəl xalqın mesajlarını düzgün oxumalıyıq. Biz öz strukturumuzun köməyi ilə lazımi dəyişikliklərə nail olacağıq”, - deyə o, bildirib.

Martın 31-də Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) son 20 ildə ilk dəfə hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qalib gəlib. Böyük şəhərlərin - Ankara, İstanbul və İzmirin müxalif bələdiyyə sədrləri öz postlarını saxlayıblar. Ekspertlər iqtidar komandasının uğursuzluğunun səbəbi kimi ölkədəki ağır iqtisadi durumu göstəriblər, müxalifət uğur fonunda növbədənkənar prezident seçkiləri tələb edə bilər.