Elman Paşayev külli miqdarda dələduzluqda ittiham olunur

Rusiyada azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayevə qarşı külli miqdarda dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. 

Bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yazıb.

"Paşayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə (xüsusən külli miqdarda dələduzluq) nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunur", deyə agentlik yazıb.

Mənbənin sözlərinə görə, Paşayev istintaqla əməkdaşlıq etmir. İstintaq çərçivəsində artıq 3 şahidin dindirildiyi də bildirilir.

Vəkil sentyabrın 17-də Moskvada saxlanılıb. Müstəntiqlərin fikrincə, 2024-cü ilin fevralında o, "marafon kraliçası" Yelena Blinovskayanın əri Aleksey Blinovskidən böyük məbləğdə vəsait - 46 milyon rubl alaraq, həyat yoldaşını cinayət məsuliyyətindən azad etdirəcəyinə vəd verib.

Bundan başqa, Paşayev xüsusi hərbi əməliyyat zonasına (Ukraynadakı müharibə) gedən məhbuslara pul müqabilində arxa cəbhədə qalmağı təklif edib.