Ermənistanın baş naziri Nikol Paşinyan Əskipara kəndinin sakinləri ilə görüşündə Ermənistan tərəfinin Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası məsələlərini müzakirə etməkdən imtina edəcəyi təqdirdə “həftənin sonuna qədər” yeni müharibə ilə hədələyib.
Sakinlərdən birinin sualını cavablandıran Paşinyan bildirib ki, indi ayağa qalxıb zalı tərk edə, delimitasiya və demarkasiya da yox deyə bilər. Amma bu o deməkdir ki, həftənin sonunda müharibə olacaq: "Mən bu müharibənin sonunda nə olacağını bilirəm. Sonra Respublika meydanında deyəcəksiz ki, biz sadə kənd adamlarıyıq, heç bir məlumatımız yox idi, amma siz hər şeyi bilirdiniz”.
Paşinyan bildirib ki, delimitasiya və demarkasiya nəticəsində Azərbaycan Silahlı Qüvvələri ilə mövcud təmas xətti tanınmış sərhədə çevriləcək və orada hərbçilərin əvəzinə sərhədçilər olacaq: "Sərhəd qanuni hasardır. Delimitasiyanın ən mühüm nəticəsi o ola bilər ki, qoşunlar öz mövqelərini tərk etsinlər və onların yerinə sərhədçilər gəlsin".
"Ermənistan tərəfi üçün ölkənin ərazi bütövlüyünü düzəltmək vacibdir və vəzifə qonşu dövlətlərin də Ermənistanın ərazi bütövlüyünü tanımasını təmin etməkdir. Bunun üçün isə ilk növbədə Ermənistanın özü bunu tanımalıdır"-deyə Paşinyan bildirib.