Əhməd Əhmədzadənin milyonlarla tender verdiyi iş adamı narazıdır – 6 milyonluq cinayət işi


İş adamı Yaşar Allahverdiyev barəsində olan cinayət işi ilə bağlı Ali Məhkəməyə kassasiya şikayəti verib. Onun şikayətinə hakim Vidadi Cəfərovun sədrliyi ilə baxılacaq. 

Yaşar Allahverdiyev Cinayət Məcəlləsinin 213.3-cü (Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma – külli miqdar) maddəsi ilə mühakimə olunub.

Bu maddədə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 4 misli miqdarında cərimə və ya 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Yaşar Allahverdiyev barəsindəki hökmlə bağlı məlumat yoxdur.

Mediada yayılan məlumatlara görə, Yaşar Allahverdiyevin adı 6 milyonluq vergi borcu ilə bağlı qalmaqalda keçir. Bu işə görə bir nəfər mühakimə edilib. Həmin şəxs məhkəmədə qanuni təmsilçisi olduğu şirkətin Yaşar Allahverdiyev tərəfindən təsis edildiyini bildirib.

 Məlumatlara görə, Yaşar Allahverdiyev çoxsaylı şirkətlərin təsisçisidir. Bu şirkətlər əsasən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) keçirdiyi iri məbləğli tenderlərin qalibi olub. Bu sırada “Ruzi” MMC-nin adı xüsusilə qeyd edilir. Şirkət “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən milyonlarla manat dəyərində sifarişlər alıb. Bu Əhməd Əhmədzadənin sözügedən ASC-yə rəhbərliyi dövrdə baş verib.

Əhməd Əhmədzadənin Yaşar Allahverdiyevə məxsus şirkətlərlə işbirliyinə üstünlük verməsi ikincinin onun yaxın adamı olması ilə bağlıdır. Mediada da bu barədə kiafyət qədər yazılıb və iddialar təkzib olunmayıb.

Ehtimal olunur ki, Yaşar Allahverdiyev yuxarıda bəhs etdiyimiz 6 milyonluq qalmaqala görə mühakimə edilib.

Yaşar Allahverdiyevin cinayət işində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi, 6 saylı Ərazi Vergilər İdarəsi, 4 saylı Ərazi Vergilər İdarəsi, 6 saylı Ərazi Vergilər Baş İdarəsi, 5 saylı Ərazi Vergilər İdarəsi və Lokal Gəlirlər Baş İdarəsi zərərçəkmiş qismində tanınıb.

Ayrı-ayrı vergi idarələrinin zərərçəkmiş qismində tanınması Yaşar Allahverdiyevə məxsus və həmin idarələrdə qeydiyyatda olan bir neçə şirkətin külli miqdarda vergi borcunun olduğunu deməyə əsas verir.