Durovun işi uzun və mürəkkəb ola bilər - Vəkil

Telegram-ın həmtəsisçisi Pavel Durovun işinin çox uzun və mürəkkəb ola biləcəyini bildirib.

Bizimxeber.az bildirir ki, bunu Rusyaev and Partners şirkətinin idarəedici tərəfdaşı, hüquqşünas İlya Rusyayev deyib.

“İndi Fransada açılan Pavel Durovun işi çoxlarının gözlədiyindən daha uzun və mürəkkəb ola bilər. Fransa məhkəmə sistemi, xüsusən də siyasi çalarlı səs-küylü işlərə gəldikdə ləngliyi ilə tanınır”.

O, nümunə olaraq o, Fransanın keçmiş prezidenti Nikola Sarkozinin işini xatırladıb.

“2014-cü ildə korrupsiya və nüfuz alveri ilə bağlı ciddi ittihamlara baxmayaraq, onun məhkəməsi hələ də davam edir. Bu müddət ərzində Sarkozi xatirələr yazmağa, bir sıra ictimai mühazirələr oxumağa və hətta böyük siyasətə qayıtmağa cəhd göstərməyə nail olub. Bütün bu müddət ərzində o, azadlıqda olub, yalnız məhkəmədə vaxtaşırı çıxış etməklə kifayətlənib”, – vəkil bildirib.

Onun fikrincə, Durov məsələsində də oxşar ssenari gözləmək olar və məhkəmə illərlə uzana bilər.

“Bundan başqa, təcrübədən göründüyü kimi, məhkəmə prosesi başlasa belə, təqsirləndirilən şəxslərin azadlığa çıxmasına imkan verən bir çox hüquqi mexanizmlər mövcuddur. Bu, girov, tanınma və ya ev dustaqlığı ola bilər. Durovun maliyyə imkanlarını və beynəlxalq əlaqələrini nəzərə alaraq, vəkilləri, şübhəsiz ki, bu cür tədbirlər görməkdə israr edəcəklər”, Rusyayev qeyd edib.

Buna baxmayaraq, o, hesab edir ki, diplomatik danışıqların mümkünlüyünü də istisna etmək olmaz.