Diplomun da başına dəysin, qələmin də... ?

24 il əvvəl iyun ayının 4-də hərbi xidmətdən qayıdıb kəndə getmişdim.

Hamı mənim xidməti başa vurduğum üçün sevinir, yeyib içir, mən isə bu insanlara baxıb düşünürdüm - "bunlar mənim hərbi xidmətdən gəldiyim üçün sevinirlər, yoxsa...?"

Açığı o yoxsanın altında xeyli nüanslar var idi... 

Təxminən 10 gün sonra rəhmətlik atam məni yanına çağırıb - "sənin buralarda işin yoxdur, bəlkə gedəsən Bakıya, özünə bir gün-güzaran qurasan, mən də kənddən sənə kömək edərəm" desə də, xeyli fikirləşdim. Evin tək oğulu, yaşlı ana-ata, qohum-əqraba... 

Atamın təkidi ilə Bakıya qayıtdım.

O gündən düz 24 ildir ixtisasım üzrə jurnalist işləyirəm. Cəmi bir dəfə işimi dəyişmək istədim, bacarmadım . O zaman da gördüm ki, mənim yerim elə kompyuterin qarşısıdır, yazmaqdır. Elə bil  darıxdım yazmaq üçün, təqiblər üçün, təhdidlər üçün... 

Yəni aşağı yuxarı, düz 24 ildir ki, mən jurnalistikadayam.

5 haqsız məhkəmə çəkişməsi, 3 dəfə cərimələr, 1 xüsusi ittihamla səbəbsiz məhkəmə işi, saysız hesabsız təqib, təzyiq, ölüm təhdidi, daha nələr-nələr.

Nəticədə, Media İnkişafı Agentliyinin cavabı bu oldu -  "sizi reyesterə almırıq, jurnalist deyilsiz".

Bununla da məsələ bağlandı...

Bilirsiz niyə reyesterə almadılar?

Qapılarına getmədim, xahişə adam göndərmədim, sifarişlərini etmədim və ən nəhayət, çəkinmədən deyirəm, şərəfimi satmadım...

Əhməd İsmayılov qərarından belə çıxdı ki, o zamankı hakimiyyət, dövlət BDU-nun Jurnalistika fakultəsinin diplomunu da səhv edib mənə verib. Sən demə mən heç jurnalist də deyilmişəm...

Bəli, Əhməd İsmayılovun rəhbəri olduğu qurumda çalışan, mətbuatdan, mediadan anlayışı olmayan adamılar dedi bunu mənə...

Qətiyyən təəssüflənmirəm və əksinə sevinirəm ki, indiki şəraitdə, haqqı deyənin dilinin boğazından çəkilib çıxarıldığı bir vaxtda elə mən jurnalist olmasam yaxşıdır.  Çünki, gələcək nəsillər son illərin jurnalistika tarixini araşdıranda çoxlarını qırmanclayacaq, İsmayılov kimilərin əməllərini sorğulayacaqlar. Hətta bu kəslərə dəstək verənləri, qələmi başayaq tutanları belə daşqalaq edəcəklər. Buna tam əmin ola bilərsiz ki, gələcək nəsillər indiki dövrü mütləq araşdıracaq.

Məni isə isti yay günlərində cəzası nə olur olsun, BDU-nun jurnalistika fakultəsinin mənə verdiyi diplomu götürüb MEDİA-yanın qarşısında yandıracam. Artıq təqiblərdən, təzyiqlərdən, jurnalistikadakı iyrənclikdən, yaza bilməməkdən, qorxa-qorxa yazmaqdan, düşünməkdən bezmişəm.

Zatən bu diplomun adı, ağırlığı heç nəyə yaramır, yaltaqlıq, ikiüzlülük, sözbazlıq etməyi öyrədə bilmir, imkan vermir Əhmədin yalançı media subyekti olasan. Bu diplom indi mənə problemdən başqa heç nə vermir, əskinə reklamsız qoyur, həbsə aparır, təzyiqlər və təqiblər vəziyyəti yardır və nəhayət ölüm mələyinə çevirilir.

O zaman neynirəm bu diplomu?

Diplom yandırma törəni barədə bütün ölkə vətəndaşlarına məlumat verəcəm, qoy bütün hər kəs görsün. Əhnəd də görsün, Hikmət də... Bitsin bu çilə, bitsin bu problemlər. Bir məmləkətdə ki, ixtisaslı, diplomlu jurnalistə deyələr ki, sən jurnalist deyilsən, yazmağa haqqın yoixdur, deməyə sözün yoxdur, o zaman o diplom da yoxdur, onun gücü də...

Yaxın günlərdə MEDİA-nın qarşısında görüşənədək... 

Ədil Hüseynli