Deputat qardaşına açılan cinayət işinə xitam verildi

Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev 3 il əvvəl barəsində qaldırılan cinayət işilə bağlı təfərrüatı açıqlayıb.

Bizimxeber.az Ə.Əliyev bu barədə feysbuk hesabında məlumat verib.

“Bildiyiniz kimi, 13 noyabr 2019-cu ildə Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən insanları qanunsuz daşıma faktına görə şübhəli şəxs kimi saxlanılmışdım. 3 aydan sonra 19 fevral 2020-ci ildə isə barəmdə olan həbs-qətimkan tədbiri dəyişdirilmiş və həbsdən azad edilmişdim.

Barəmdə olan cinayət işi isə araşdırılırdı. 2019-ci ildə 6 ay ərzində telefon danışıqlarım dinlənilmişdi. Həbs olunan zaman üstümdə olan və götürülən bir ədəd mobil telefon, ofisdə və evdə aparılan axtarışlar zamanı 4 ədəd mobil telefon, 3 ədəd laptop, 2 ədəd kompüter, eləcə də bütün sənədlər və qeyd dəftərləri götürülmüşdü.

Telefon danışıqlarım, email və “WhatsApp” yazışmalarım da daxil bütün sənədlərin yoxlanılması və bəzi şəxslərin ifadələrinin alınması 2023-cü ilin yanvar ayına kimi davam edib.

2017-ci ilin yanvar ayından sonrakı bütün fəaliyyətim araşdırıldı və fəaliyyətimdə hansısa hüquq pozuntusunun olması müəyyən edilmədi. 2 yanvar 2023-cü ildə isə barəmdə olan cinayət işinə xitam verilməsi haqqında Düsseldorf prokurorluğunun qəbul etdiyi qərar vəkilimə göndərilib və saxlandığım hər gün üçün təzminat ödəniləcəyi bildirilib”, - o deyib.

Qeyd edək ki, 2019-cu ildə Almaniya polisi ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərində yoxlama aparıb, miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstə saxlanılıb. Onların arasında azərbaycanlı Əlövsət Əliyev də olub.