“Çörək pulu” niyə GECİKİR?

Azərbaycanda məcburi köçkünlərə verilən vahid aylıq müavinətin (“çörək pulu”) verilməsinin gecikdiyi bildirilir.

Bu barədə Viral.az-a məcburi köçkünlər məlumat verib. Bildirilib ki, hər ayın sonu verilən “çörək pulu” hələ də ödənilməyib. Məsələ ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. 

Qurumdan Viral.az-ın sorğusuna cavab olaraq bildirildi ki, məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə verilən vahid aylıq müavinətin ödənilməsi’’ Qaydası ilə tənzimlənir.

“Vahid aylıq müavinətin ödənilməsi bir qayda olaraq, hər ayın sonunadək icra edilir. Fevral ayı üçün ödənişin bu gün bütün rayonlar üzrə tam başa çatdırılması nəzərdə tutulub”. Həmçinin qurumdan gecikmə olmadığı qeyd olundu.