Bunu etsəniz, CƏRİMƏLƏNƏCƏKSİNİZ - Polisdən XƏBƏRDARLIQ

Son zamanlar nəqliyyat vasitələrindən küçələrə hansısa əşyaların atılması hallarına tez-tez rast gəlinir.

Bakı Şəhər DYP İdarəsindən verilən məlumata görə, cari ilin 8 ayı ərzində paytaxt ərazisində belə inzibati xətaya yol verdiklərinə görə 109 şəxs inzibati məsuliyyətə cəlb olunub.

“Bəzən sükan arxasında olan sürücülər çəkdikləri siqaret kötüyünü və ya qutusunu, eləcə də avtomobilin içərisində yedikləri müxtəlif növ qidaların qalıqlarını, plastik su qablarını və s. digər bu növ məişət tullantılarını nəqliyyat vasitəsindən çölə atırlar.

Bu hallara yalnız sürücülər deyil, həm də avtomobilin içərisində olan sərnişinlər yol verirlər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır. Buna görə də İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulub”.

Qurum vətəndaşlara müraciət edib: “Biz insanları sırf cərimədən qorunmaq üçün deyil, belə əməllərin ətraf-mühitə ziyan vurduğunu nəzərə alaraq, bu kimi hallara yol verməməyə çağırırıq”.