“Bravo”ya basqında ittiham olunanlara cəza tələbi - Ömürlük həbs

“Bravo” hipermarketinə silahlı basqınla bağlı məhkəmə istintaqı tamamlanıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror müttəhimlərdən hər birinin ayrı-ayrılıqda verilmiş ittihamlarla təqsirli bilinmələrini-Dəyanət Qüdrətovun ömürlük, Azər Məmmədovun, Səbuhi Qurbanovun, İbrahim İbrahimovun 20 il (əvvəlki cəzası ilə birlikdə) Rövşən İsmayılovun 7 il, Babək İsgəndərovun isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Çıxışa əsasən, sərbəst mühakimə edilən Rövşən İsmayılov və Babək İsgəndərov məhkəmə zalında həbs edilməlidirlər. Bundan başqa, qaldırılmış mülki iddialar da təmin edilməlidir. 

Vəkillərə müdafiə çıxışına hazırlaşmaları üçün iyulun 3-nə kimi vaxt verilib. 

Xatırladaq ki, hipermarketə basqında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisəyə görə, Ruhlan İsmayılov, Dəyanət Qüdrətov, Azər Məmmədov, Səbuhi Qurbanov, İbrahim İbrahimovun, Babək İsgəndərov və Rövşən İsmayılov cinayət məsuliyyətinə cəlb edilib. Əməliyyat zamanı Ruhlan İsmayılov avtomat silahdan polis əməkdaşlarına müqavimət göstərib. Görülmüş tədbirlər nəticəsində o, polis tərəfindən məhv edilib. Onun işi ayrıca icraata verilib.