Aprelin 17-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində bloger Cəmil Məmmədlinin işi üzrə məhkəmə prosesi başa çatıb.
Məmmədli 2023-cü ilin avqustunda Azərbaycan Cinayət Məcəlləsinin 221.2.2 (bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq), 182.2.1 (hədə- qorxu ilə əmlakı tələb etmə) və 178.2-ci (bir qrup şəxs tərəfindən dələduzluq) maddələrilə həbs edilib.
Bu gün məhkəmə "tələb etmə" ittihamını ləğv edbi, lakin "dələduzluq " və "xuliqanlıq" ittihamları ilə təqsirli bilərək onu 6 il 12 gün həbs cəzasına məhkum edib.
Məmmədli son sözündə ittihamları rədd edib. Eyni zamanda, etiraf edib ki, yol-nəqliyyat qəzasından sonra xuliqanlıq hadisəsi baş verib, ancaq zərərçəkənin sağlamlığına zərər verməyib. Eyni zamanda, məhkəmədə zərərçəkənlər ona qarşı iradlarından imtina ediblər.
Məmmədli bildirib ki, cinayət işi ölkənin şimal regionundakı məmurların qanunsuz əməllərini sosial şəbəkələrdə ifşa edən reportajlara görə onu cəzalandırmaq məqsədilə açılıb.
Müdafiə tərəfi hökmdən şikayət vermək niyyətindədir.
Məmmədli əvvəllər “Azadlıq” radiosunun Azərbaycan xidmətilə əməkdaşlıq edib. Son illərdə yazılarını əsasən sosial şəbəkələrdə dərc edib. Ona qarşı diffamasiya ilə bağlı bir neçə iddia qaldırılıb, o cümlədən Quba rayonunun keçmiş rəhbəri tərəfindən iddia qaldırılıb. Bu iddialar üzrə Məmmədli islah işlərinə məhkum edilib. Cəmil Məmmədli yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.