Bişkekdə xarici tələbələrə hücum - 100-lərlə şəxs saxlandı - VİDEO

Bişkekdəki iğtişaşlardan sonra Hindistan və Pakistanın Qırğızıstandakı səfirlikləri soydaşlarını ehtiyatlı olmağa çağırıb.

Bizimxeber.az bildirir ki, bu barədə TASS diplomatik nümayəndəliklərin məlumatlarına istinad edib. 

Pakistan səfirliyi bildirib ki, Bişkekdəki bir neçə tibb universitetinin yataqxanası və Hindistan, Pakistan və Banqladeş vətəndaşları da daxil olmaqla əcnəbi tələbələrin şəxsi yaşayış yerləri hücuma məruz qalıb. "Hazırda vəziyyət sakitdir, lakin tələbələrə hələlik evdə qalmaları və hər hansı problem yaranarsa səfirliklə əlaqə saxlamaları tövsiyə olunur".

Mayın 18-nə keçən gecə yerli sakinlərlə əcnəbilər arasında baş verən davadan sonra mindən çox insan Bişkekin mərkəzinə toplaşıb.

24.kg agentliyi xəbər verir ki, Bişkekin mərkəzində daxili qoşunlar insanların toplaşdığı küçəni mühasirəyə alıb. Hadisə yerinə su şırnaqları gətirilib. Yataqxanada baş verən qarşıdurmadan sonra çoxlu insan toplaşıb. Daxili qoşunlar küçəni mühasirəyə alıb. Agentliyin məlumatına görə, təhlükəsizlik qüvvələri Çuyski prospekti ilə 7 aprel küçəsinin kəsişməsində dayanıb. Etirazçılar kütləvi davada iştirak edənlərə ədalət tələb ediblər.

Daha sonra insanlar Mərkəzi Daxili İşlər İdarəsinin rəisi ilə söhbətdən sonra dağılışmağa razılaşıblar. Qırğızıstanın Səhiyyə Nazirliyi Bişkekin mərkəzində baş verən iğtişaşlardan sonra 29 nəfərin  yaralandığı bildirib.