Binədə yolun ortasında mağaza tikdilər, maşınlar tıxacda qaldı - VİDEO

Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində Əli İsazadə prospektinin üzərində tikilən mağaza yolun daralmasına səbəb olub.

Bizixmeber.az bildirir ki, qəsəbənin "Sovxoz" deyilən ərazisində avtomobil yolunun üzərində quraşdırılan taxta konstruksiyalı mağazaya görə yolda nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Sakinlər və sürücülər deyir ki, əvvəllər burada yolun üzərində geyim vasitələrinin satışı daşınan piştaxtalar üzərində həyata keçirilib. Bildirilib ki, bir aydır adı məlum olmayan sahibkar daşınan piştaxtaları yığışdırıb və yolun üzərində daimi mağaza inşa etdirib.

Buna görə də burada həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. "Xüsusən pik saatlarda 20 metr yolu təxminən bir saata keçə bilirik. Bundan əlavə, burada qanunsuz parklanmalar gediş-gəlişi və hərəkəti əsl problemə çevirib. Mağazanın sahibi isə ərazinin ona məxsus olduğunu və yolun üzərində quraşdırdığı mağazaya görə müvafiq qurumlarda icazə aldığını iddia edir" - sakinlər vurğulayıblar.