İqtisadçı Natiq Cəfərli Nazirlər Kabinetinin benzin markalarına tətbiq edilən aksiz dərəcələrinin dəyişdirilməsi ilə bağlı qərarını şərh edib.
Ekspert sosial şəbəkədəki paylaşımında bu qərarın aviakerasin, Aİ95 və Aİ98 markalı benzinlərə aid olmadığını bildirib: “Qərar ancaq Aİ92 və dizel yanacağına aiddir. Belə ki, qərar Rusiyanın yanacaq ixracına qoyduğu qadağa ilə bağlıdır.
Ölkədə istehlak üçün çatışmayan Aİ92 və dizel yanacağının böyük hissəsini məhz Rusiyadan alırdıq. İndi başqa ölkələrdən almalı olacağıq, bu, daxildə qiymətləri artıra bilərdi. İndi güzəşt tətbiq edilir ki, bahalaşma olmasın. Bu qərardan sonra benzin ucuzlaşmayacaq, sadəcə bahalaşmasın deyə belə bir qərar verilib”.
N.Cəfərli əlavə edib ki, Azərbaycan özünü benzinlə təmin edə bilmir: “Aİ95, Aİ98 markalı benzinləri ümumiyyətlə istehsal edə bilmirik, Aİ92-nin istehsalı isə yetərli deyil. Hətta iş o yerə çatıb ki, Aİ95-in bir hissəsini Gürcüstandan idxal edirik”.