Bayden meydan oxudu - "ABŞ bütün Avropada hərbi gücünü artıracaq"

"ABŞ bütün Avropada hərbi mövcudluğunu artıracaq". 

Bizimxeber.az bildirir ki, bunu ABŞ prezidenti Co Bayden Madriddə keçirilən alyans sammiti çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə deyib.

ABŞ lideri deyib ki, alyans bütün istiqamətlərdən - həm havada, həm quruda, həm də dənizdə təhdidləri dəf etməyi bacarmalıdır: "ABŞ Avropaya əlavə iki F-35 döyüş təyyarəsi eskadrilya göndərir və İspaniyadakı Amerika bazasında olan esmineslərin sayı dörddən altıya qədər artacaq. Bundan əlavə, Vaşinqton Polşada ABŞ Silahlı Qüvvələrinin 5-ci Ordu Korpusunun (quru qoşunları) qərargahını yerləşdirəcək".

Bayden həmçinin əlavə edib ki, ABŞ Baltikyanı ölkələrdə rotasiya qoşunlarının sayını artırmaq niyyətindədir: "Biz Baltikyanı ölkələrdə rotasiya qüvvələrimizi gücləndirmək niyyətindəyik. ABŞ Rumıniyada rotasiya əsasında əlavə briqadanın olmasını təmin edəcək, onun tərkibinə 3 min hərbçi və 2 min digər işçi daxil olacaq".

Birləşmiş Ştatlar İtaliya və Almaniyada da əlavə hava hücumundan müdafiə sistemləri yerləşdirməyi planlaşdırır.

"Biz Almaniya və İtaliyada əlavə hava hücumundan müdafiə vasitələri yerləşdirməyə hazırlaşırıq", - deyə Bayden bildirib. 

Alyansın dövlət və hökumət başçıları səviyyəsində görüş iyunun 28-dən 30-dək İspaniyanın paytaxtında keçirilir. Onun iştirakçıları yeni strateji konsepsiya qəbul edəcək, ittifaqın gücləndirilməsini və qlobal iqlim dəyişikliyinin təhlükəsizlik sektoru üçün təsirlərini nəzərdən keçirəcəklər.