Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisinə 1 həftədən də az vaxt qalıb. Mərkəzi Seçki Komissiyasının yanvarın 15-dən başlatdığı seçki kampaniyası isə fevralın 6-sı yekunlaşacaq. Prezidentliyə namizədliyi təsdiqlənmiş 7 nəfərin seçki təşviqat kampaniyası ölkədə araşdırmaçı jurnalistlərin və ictimai fəalların həbs edilməsi mühitində baş verir.
Ölkədə 2022-ci ildə qüvvəyə minən yeni Media haqqında qanundan sonra azad media mühitinin məhdudlaşdırılması ilə bağlı narahatlıqların olduğu bildirilir, Azərbaycandakı seçkiləri müşahidə edən ATƏT-in Demokratik Təşəbbüslər və İnsan Haqları Bürosunun (DTİHB) yanvarın 23-də yaydığı aralıq hesabatında qeyd olunub.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzinin (SMDT) yaydığı aralıq hesabatda isə qeyd olunub ki, hökumətin media üzərində qurduğu “ciddi nəzarət” KİV-lərin seçkiləri işıqlandırmasına “məhdudlaşdırıcı” təsir göstərir.
Media mühiti necədir?
BBC Monitoring Azərbaycan mediasının seçkiləri necə işıqlandırdığını monitor edib: Beynəlxalq təşkilatların ölkədə media azadlığı üzrə apardığı qiymətləndirməyə görə, Azərbaycanda media mühiti “ciddi təzyiq” altındadır. Sərhədsiz Reportyorlar beynəlxalq təşkilatının 2023-cü illə bağlı hesabatına əsasən Azərbaycan media azadlığı indeksində 180 ölkə arasında 151-ci yerdə qərarlaşıb.
“Medianı tənzimləyən agentliklərin, eləcə də jurnalist təşkilatlarının rəhbərləri hökumət tərəfindən təyin olunan şəxslərdir. Məmurlar hökumətyönlü mediadan istifadə edərək tənqidi fikir səsləndirənlərə hədə-qorxu gəlirlər”, - qurumun hesabatında qeyd olunub.
Bundan əlavə, Sərhədsiz Reportyorlar son 20 ildə media ilə bağlı qanunvericiliyin “artan repressiv” alətə çevrildiyini bildirib, 2022-ci ilin fevralında qüvvəyə minən yeni Media haqqında qanunu isə “senzuranın leqallaşdırılması” kimi qiymətləndirib.
SMDT isə bəyan edib ki, yeni Media haqqında qanun nəticəsində əvvəlki seçkilərdən fərqli olaraq, bütün jurnalistlərə növbədənkənar prezident seçkisini işıqlandırmaq mümkün olmayacaq.
ABŞ-ın qlobal inkişaf, təhsil və vətəndaş fəallığı üzrə ixtisaslaşmış təşkilatı IREX-in (Beynəlxalq Tədqiqat və Mübadilə Şurası) statistik rəqəmlərinə görə, Azərbaycanda informasiya mühiti son üç il ərzində “daha da məhdudlaşdırılıb”.
“Azərbaycanda KİV-lərin böyük əksəriyyətinin redaksiya müstəqilliyi yoxdur, yaydığı məlumatlar faktlara əsaslanmır və başqalarına zərər vuran informasiyalar yayır. İnsanların geniş informasiya çıxış hüququ və ya vasitələri yoxdur. Onlar geniş informasiya seçimi imkanından məhrumdurlar”, - IREX-in “Canlı İnformasiya Barometr – 2023” adlı hesabatında yazılıb.
Noyabrdan bəri Azərbaycanda 10-dan çox jurnalist saxlanılıb və ya həbs edilib. Onlardan bir neçəsinin həbs müddəti bitdiyi üçün azad olunsa da, yeni həbs edilənlər də var.
BBC Azərbaycancaya danışan təhlilçilərin fikrincə, ölkədə tənqidi media “tamamilə susdurulduğu” üçün insanlar hökumət əleyhinə olan fikirləri eşitmək üçün ölkə xaricində yerləşən, lakin Azərbaycan dilində yayımlanan mediaları izləməyə məcbur olublar.
Jurnalistlərin həbsi Bakı və Vaşinqton arasında münasibətlərin gərginləşməsi fonunda baş verdiyindən, onların həbsinin həm də qarşıdakı prezident seçkiləri ilə əlaqəli olub-olmadığı bəlli deyil. Həbs edilən media nümayəndələrinin çoxu Abzas Media və Kanal13 onlayn resursların əməkdaşlarıdırlar. Hər iki media qurumu hökumət rəsmilərinin korrupsiya əməlləri barədə araşdırma materiallar yaymaqla tanınırlar.
Avropa Şurası Parlament Assambleyası (AŞPA) yanvarın 24-də Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi ilə bağlı vəziyyətin “çox ciddi narahatedici” olduğunu əsas gətirərək, Azərbaycanın qurumdakı nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinə qərar verib.
İnsan haqlarının qiymətləndirilməsini həyata keçirən Freedom House təşkilatı ölkədəki siyasi azadlıqlar və vətəndaş hüquqlarının vəziyyətini nəzərə alaraq, ardıcıl olaraq 20 ildir ki, Azərbaycanı “azad olmayan” ölkələr sırasında göstərir.
Seçki necə işıqlandırılır?
Seçkiyə sayılı günlər qalsa da, bu məsələ Azərbaycan mediasında hələ də əsas mövzu deyil. Vətəndaşların əksəriyyəti beşinci müddətə yenidən seçilməyi düşünən hazırki prezident İlham Əliyevin böyük ehtimalla qalib gələcəyini düşünür. Onun digər 6 rəqibindən 4-ü hökumətyönlü parlament üzvləri kimi tanınırlar və media qurumlarının əhali arasında apardığı sorğularda insanların çoxu İlham Əliyevdən başqa digər namizədləri tanımadıqlarını deyirlər.
Ölkənin aparıcı müxalifət partiyaları ötən ilin dekabrında növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı qərar verildikdən qısa müddət sonra, ölkədə “siyasi repressiyaların artdığı və tənqidi jurnalistlərin həbs edildiyini” əsas gətirərək, seçkidə iştirakı baykot ediblər.
Yerli KİV-lərin seçki ilə bağlı materialları Mərkəzi Seçki Komissiyasının (MSK) seçki gününə dair yaydığı rəsmi hesabatlarla məhdudlaşır. Hazırkı prezidentin fəaliyyətinə daha çox yer ayıran media, digər prezidentliyə namizədləri qeyri-bərabər şəkildə işıqlandırır.
SMDT-nin aralıq hesabatına əsasən, 2020-ci ildə keçirilmiş sonuncu parlament seçkilərindən sonra Seçki Məcəlləsinin təkmilləşməsi yönündə hüquqi təşəbbüslər üçün nə parlament hakimiyyəti, nə də mərkəzi icra hakimiyyəti siyasi iradə nümayiş etdirməyib.
“Əksinə media və siyasi partiyalarla bağlı milli qanunvericliyə gətirilən yeni məhdudlaşdırıcı hüquqi normalar ölkədə ifadə azadlığı və birləşmək azadlığı hüququna təminatla yanaşı seçki prosesinə də mənfi təsir edib”, - təşkilatın hesabatında qeyd olunub.
Hökumətyönlü və hökumətin nəzarətində olan media qurumları Prezident Əliyevi tərifləyən məqalələr dərc edirlər və həmin yazılarda bu materialların seçki kampaniyasının reklamı olduğu qeyd edilməyib. Həmin mediaların çoxunda dini liderlərin, siyasətçilərin, ictimai xadimlərin və QHT rəhbərlərinin insanları İlham Əliyevə səs verməyə çağıran müraciətləri dərc olunub.
Seçki kampaniyası necə gedir?
Seçki kampaniyası yanvarın 15-dən başlayıb və fevralın 6-sı saat 8:00-dək davam edəcək. Prezidentliyə namizədliyi təsdiqlənmiş 7 nəfərə 22 günlük kampaniya müddətində ödənişsiz olaraq öz təşviqatlarını aparmaları üçün İctimai TV və radioda efir vaxtı, eləcə də dövlət mediası olan “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski Raboçi” qəzetlərində yer ayrılıb. Namizədlər ödənişli əsaslarla da kampaniyalarını apara bilərlər.
İctimai TV həftədə üç dəfə olmaqla namizədlər arasında bir saatlıq debatı yayımlayır. Prezident Əliyev proqnoz edildiyi kimi, həmin debatlara qatılmır və öz nümayəndəsi ilə təmsil olunur.
SMDT İctimai TV-də təşkil olunan 6 telemüzakirə üzrə apardığı müşahidələrdən bu qənaətə gəlib ki, hazırkı prezidenti digər 6 namizədin heç biri tənqid etməyə, onun həqiqi opponenti görüntüsü yaratmağa və siyasi hakimiyyətə iddialı alternativ siyasi qüvvənin təmsilçisi kimi davranmağa çalışmayıb.
“Bununla da, azad və ədalətli seçkinin başlıca şərti olan siyasi alternativlik mühiti təmin edilməyib”, - təşkilatın bəyanatında əks olunub.
Bundan əlavə, qurumun açıq mənbələrə istinadla yazdığına görə, 2023-cü ildə 85 nəfər siyasi motivlərlə cinayət məsuliyyətinə cəlb edilib və barələrində həbs qəti-imkan tədbiri seçilib. Bununla yanaşı 2023-cü il ərzində siyasi motivlərlə inzibati qaydada həbs olunanalar sayı 39 nəfər olub.
SMDT həmçinin son 6 ay ərzində ölkədə siyasi partiyaların sayının 2 dəfə azaldığını bildirib.
Bu faktları əsas gətirən qurum hesab edir ki, seçki ərəfəsində ölkədə siyasi azadlıqların müdafiəsi yönündə böhran dərinləşib, ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək azadlıqlarına məhdudiyyətlər aradan qalxmayıb, siyasi motivli həbslərin sayı daha da artıb.
“Bununla yanaşı seçki öncəsi siyasi partiyaların sayı iki dəfə azalıb, müstəqil vətəndaş cəmiyyəti qurumları və müstəqil medianın fəaliyyətinə qadağalar, habelə jurnalistlər və ictimai fəallara qarşı təqiblər çoxalıb. Nəticədə vətəndaş cəmiyyəti qurumları və siyasi partiyaların 7 fevral növbədənkənar prezident seçkisində fəal iştirakı üçün əlverişli demokratik mühit olmayıb”, - SMDT-nin hesabatında əks olunub.
Sosial media istifadəçiləri bir TV-nin YouTube kanalında aparılan debatları gülüş obyektinə çevirərək, bu debatları “saxta” adlandırıblar, daha sonra isə həmin TV YouTube kanalının şərh hissəsini bağlayıb.
Ödənişli seçki kampaniyası aparmaq məqsədi ilə ümumilikdə 44 media qurumu MSK-yə müraciət edib. Lakin Prezident Əliyev istisna olmaqla, yalnız bir namizəd, Qüdrət Həsənquliyev ödənişli kampaniyadan istifadə edib.
MSK-nın prezidentliyə namizədlərin seçki fondları ilə bağlı yaydığı maliyyə hesabatından aydın olur ki, hakim Yeni Azərbaycan Partiyasından fərqli olaraq digər namizədlərin ödənişli seçki kampaniyası aparmaları üçün kifayət qədər vəsaiti yoxdur.
Qurumun yaydığı ikinci maliyyə hesabatına görə, 720 min manatlıq seçki fonduna malik olan İlham Əliyev bu siyahıda liderdir və bugünədək seçkiqabağı təşviqat üçün xərclədiyi vəsait 480 min manatdan çoxdur.
Digər namizədlərin seçki büdcəsi isə 62 min və 2500 manat arasında dəyişir ki, onların da çoxu artıq hesablarında olan vəsaiti xərcləyiblər.
Namizədlərdən 4-ü Fazil Mustafa, Zahid Oruc, Razi Nurullayev və Elşad Musayev Facebook səhifələrini seçki kampaniyasını aparmaq üçün istifadə edirlər.
Onlayn media resursları Musavat TV və Toplum TV bəzi prezidentliyə namizədlərdən alınan müsahibələr də daxil olmaqla, seçki prosesini ən çox işıqlandıran media qurumlarıdır. Musavat TV yanvarın 24-də canlı yayımında ölkədə seçki təşviqat prosesinin sönük keçdiyinə dair müzakirə təşkil edib./BBC Monitoring Azərbaycan/