Almaniyanın ən böyük hava limanı uçuşları dayandırır

Almaniyanın hava hərəkətinə nəzarət sistemindəki texniki nasazlıqlar səbəbindən Frankfurt hava limanında uçuşların gecikmələri və təxirə salınması gözlənilir.

Bu barədə hava limanından X (Twitter) sosial şəbəkəsində məlumat verilib.

Almaniyada hava trafikini idarə edən DFS məlumat ötürülməsi ilə bağlı ümummilli problem aşkar edib. Fraport hava limanının operatorunun nümayəndəsi bildirib ki, texniki nasazlıqlar yerli vaxtla səhər saat 10 radələrində sistemə təsir edib.

Hava limanı səyahətçilərə uçuşun statusunu aviaşirkətin saytında yoxlamağı tövsiyə edib. Frankfurt hava limanı Almaniyanın ən işlək hava limanıdır: keçən il buradan təxminən 60 milyon sərnişin keçib.