Almaniya kansleri Olaf Şolz hökumət koalisiyasına daxil olan Azad Demokratlar Partiyasının lideri, maliyyə naziri Kristian Lindneri istefaya göndərmək qərarına gəlib.
Bizimxeber.az bildirir ki, bu barədə Spiegel məlumat verib.
Maliyyə Nazirliyinin rəhbərinin istefası ilə bağlı qərardan əvvəl Almaniya koalisiyasına daxil olan üç partiya - Azad Demokratlar, Şolts Sosial Demokrat Partiyası və vitse-kansler Robert Habekin Yaşıllar Partiyasının rəhbərlərinin görüşü keçirilib.
Tərəflər bir sıra mühüm ziddiyyətləri - ilk növbədə 2025-ci ilin büdcəsi ilə bağlı həll etmək üçün böhran görüşünə toplaşıblar.
Almaniya mətbuatının yazdığına görə, görüşdə Lindner Bundestaqda növbədənkənar seçkilərin keçirilməsinin zəruriliyini bəyan etsə də, Şolz bu fikri rədd edib. Məhz bundan sonra Azad Demokratlar Partiyasının liderinin istefaya getməsi məlum olub.
Yaxın saatlarda Almaniya kansleri vətəndaşlara müraciət elan edəcək. Hazırda növbədənkənar seçkilərin keçirilib-keçirilməyəcəyi məlum deyil, lakin Azad Demokratların səsləri olmadan koalisiya Bundestaqda çoxluğa malik deyil.