Ağdamda üç tender ləğv edildi, İH-ə xəbərdarlıq olundu

Ağdam rayon İcra Hakimiyyətinin son iki gündə üç tenderinin nəticəsi ləğv edilib.

Tribunainfo.az-ın məlumatına görə, tenderlərdən biri Ağdam rayon Əfətli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin inzibati binasının cari təmiri ilə bağlı olub. Təmir işləri üçün 70.000 manat nəzərdə tutulmuşdu, lakin proses reallaşmayıb.

İkinci ləğv olunan tender isə Ağdam rayon Əhmədağalı kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin inzibati binasının əsaslı təmiri ilə bağlı olub. Bu tender üçün də 70.000 manat ayrılmışdı.

Üçüncü tender Ağdam rayon ərazisində abadlaşdırma (yaşıllaşdırma) işlərinin görülməsini ehtiva edib. 298.500 manatlıq işlərin həyata keçirilməsi planlaşdırılsa da, bu tender də qəbul edilməyib.

Tenderlərin ləğv edilməsinə səbəb kimi nəzarət edən orqanın prosesləri məqbul hesab etməməsi göstərilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tenderlərin məbləğinin şişirdildiyini və qiymətləndirmənin düzgün aparılmadığını qeyd edib. Bu halların məqsədli şəkildə qiymətlərin şişirdilməsi və qazanc əldə etmək məqsədini güddüyü ehtimal olunur.

Bundan başqa, nəzarətçi dövlət qurumu İcra Hakimiyyətinə xəbərdarlıq edib ki, belə hallar bir daha təkrarlanmasın.

Xatırladaq ki, bu hadisə ilk deyil; dünən də Ağdam rayon İcra Hakimiyyətinin iki tenderi ləğv olunmuşdu. Həmin tenderlərin ləğvinə səbəb də qiymətləndirmənin düzgün aparılmaması və məbləğin süni şəkildə şişirdilməsi olub.