Amerika qırıcıları bir neçə gündür ABŞ ərazisi üzərində uçan Çin kəşfiyyat şarını vurub. Bzimxeber.az bildirir ki, Çin Xarici İşlər Nazirliyi buna etiraz edib.
Fevralın 4-də Pentaqon rəhbəri Lloyd Ostin Amerika təyyarələrinin Cənubi Karolina sahillərində hava şarını vurduqlarını deyib. Pentaqonun hesabatında bildirilir ki , hava şarına F-22 Raptor qırıcısı tərəfindən hücum edilib və ona bir raket atılıb. Hərbi idarədən bildiriblər ki, şar sahildən altı mil (təxminən 9 km) okeana düşüb, əməliyyat nəticəsində xəsarət alan olmayıb.
Ostinin sözlərinə görə, hava şarı Kanada hökumətinin köməyi ilə vurulub.
Jurnalistlərə danışan Bayden bu həftənin əvvəlində şarın vurulması təklifini bəyəndiyini, lakin əməliyyatı mülki şəxslər üçün təhlükəsiz olana qədər təxirə saldığını deyib.
Pentaqon onu da qeyd edib ki, endirilən şar amerikalı analitiklərə onun üzərində quraşdırılmış Çin avadanlıqlarını öyrənməyə imkan verəcək. CNN mənbələrə istinadən yazır ki, şarın qalıqları Virciniya ştatının Quantico şəhərindəki FTB laboratoriyasında təhlil ediləcək.
Çin Xarici İşlər Nazirliyi də öz növbəsində hava şarının mülki olduğunu bildirib və ABŞ-ın onu vurmasından narazılığını bildirib.
“Çin Birləşmiş Ştatların mülki pilotsuz dirijabllara hücum etmək üçün güc tətbiq etməsinə qarşı kəskin narazılığını və etirazını bildirir. Çin tərəfi yoxlamadan sonra dəfələrlə Amerika tərəfinə dirijablın mülki istifadə üçün nəzərdə tutulduğunu və tamamilə təsadüfən baş vermiş fors-major vəziyyətə görə Birləşmiş Ştatlara daxil olduğunu bildirib”.
Xarici İşlər Nazirliyi əlavə edib ki, digər ölkələrin hava şarlarını vurmaqla Vaşinqton beynəlxalq təcrübəni pozur və Pekin “daha zəruri tədbirlər görmək hüququnu” özündə saxlayır.