ABŞ QƏZZA-ya nəzarəti Fələstinə ötürmək istəyir

"Fələstin Muxtariyyəti son nəticədə Qəzza zolağına rəhbərlik etmək üçün uyğun qurumdur".

Bizimxeber.az bildirir ki, bunu ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Leaf Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin iclasında deyib.

Dövlət Departamentinin sözçüsü qeyd edib ki, Fələstin Muxtariyyəti Oslo razılaşmaları nəticəsində yaranmış yeganə Fələstin hökumətidir.

"Qüsurları nə olursa olsun, bu, İordan çayının qərb sahilindəki fələstinlilər üçün hökumətdir. Biz inanırıq ki, son nəticədə fələstinlilərin səsləri və istəkləri münaqişə bitdikdən sonra Qəzza zolağında idarəetmə və təhlükəsizliyin mərkəzində olmalıdır", - Leaf deyib.

Onun sözlərinə görə, Dövlət Departamenti hazırda bütün bu məsələləri nəzərdən keçirir və bu məsələ ilə bağlı mümkün qədər tez müzakirələrə başlamaq istəyir. Bir müddət əvvəl ABŞ dövlət katibi Antoni Blinken bildirmişdi ki, ABŞ İsrailin Qəzzanı mümkün yenidən işğal etməsinə qarşıdır. Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahunun baş müşaviri Mark Regev Qəzza zolağının uzunmüddətli işğalının planlaşdırılmadığını bildirmişdi .