ABŞ Putinin nüvə ritorikasını pisləydi

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiya prezidenti Vladimir Putinin “nüvə müharibəsi riski” ilə bağlı açıqlamalarını pisləyib və qeyd edib ki, ABŞ hazırda Moskvanın nüvə silahından istifadə etmək təhlükəsi görmür.

Bu barədə Miller fevralın 29-da keçirdiyi brifinqdə bildirib.

Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, “Vladimir Putinin məsuliyyətsiz ritorikası” ABŞ-da ilk dəfə deyil ki, müşahidə olunur.

"Nüvə silahı olan dövlətin lideri belə danışmamalıdır. Biz əvvəllər nüvə silahından istifadənin nəticələri barədə Rusiya ilə təkbətək və birbaşa danışmışıq", - o əlavə edib.

Eyni zamanda, Millerin sözlərinə görə, ABŞ “Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət” görmür, lakin onu yaxından izləməyə davam edəcək.