ABŞ Konqresi Türkiyəyə 40 yeni F-16 qırıcısının satışı və mövcud F-16 qırıcılarının modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləyib.
Bizimxeber.az bildirir ki, bu barədə Amerikanın Ankaradakı səfirliyi X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
"Bu həftə Konqres tərəfindən Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş F-16 təyyarəsi almasını təsdiqləyən qərar irəliyə doğru atılmış böyük bir addımdır. Türkiyənin F-16 donanması müttəfiqlər arasında gələcək qarşılıqlı fəaliyyətin təmin edilməsində NATO qüvvələri üçün çox vacibdir", - səfirliyin bəyanatında deyilir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan da ABŞ Konqresindən döyüş təyyarələri ilə bağlı qərar gözlədiyini bildimişdi. O qeyd edib ki, Ankara ilə Vaşinqton arasında ilkin razılıq var ki, Türkiyə parlamenti İsveçin NATO-ya üzv olmaq ərizəsini təsdiqlədikdən sonra ABŞ F-16-ların satışı ilə bağlı məsələ ilə bağlı hərəkətə keçəcək.
Qanunverici orqan yanvar ayında Stokholmun ratifikasiya protokolunu təsdiqlədi. Türkiyə bir neçə il əvvəl ABŞ-dan mövcud təyyarələri üçün 40 ədəd F-16 Block 70 qırıcısı və 80 ədəd Block 70 təkmilləşdirmə dəsti tələb etmişdi.