Amerikanın Merilend ştatının Baltimor şəhərində yük gəmisinin qəzaya uğraması nəticəsində 2,5 kilometr uzunluğunda Frensis Skot Ki körpüsü uçub.
Bu barədə CNN məlumat yayıb.
Yerli rəsmilərin sözlərinə görə, hadisə nəticəsində bir neçə avtomobil körpüdən düşüb, azı 20 nəfər suda qalıb. Videogörüntülərə görə, iri gəmi yerli vaxtla saat 1:30 radələrində körpüyə çırpılıb, alovlanıb, sonra isə batıb.
MarineTraffic xidmətinin məlumatına görə, təyinat yeri Kolombo (Şri-Lanka) olan 300 metrlik Sinqapur bayraqlı konteyner gəmisi "Dali” körpüyə çırpılıb. Gəmi böyük gəmiçilik şirkəti Maersk tərəfindən idarə olunur.
Hadisə yerində xilasedicilər işləyir. CNN-in verdiyi məlumata görə, körpünün uçmasından sonra xilasedicilər donma şəraiti və məhdud görünmə ilə əlaqədar olaraq suya düşmüş ən azı 20 nəfəri axtarır.
Baltimor Yanğınsöndürmə Departamentinin İctimaiyyətlə Əlaqələr Direktoru Kevin Kartrayt bildirib ki, dalğıclar qrupu çayda axtarış-xilasetmə işləri aparır, liman ərazisində temperatur 30°F (-1°C) ətrafındadır.
"Bu, məhdud görünmə şəraitində gecə saat 01:30-da (yerli vaxtla - red.) baş verib, ona görə də biz ətraf mühitin temperaturunu, eləcə də suyun temperaturunu nəzərə alaraq tam gücümüzlə işləyirik, insanları xilas etməyə və mümkün olduqca çıxarmağa cəhd edirik", - o deyib. Kartrayt deyib ki, qruplar "metodik və təhlükəsiz şəkildə" işləyirlər: "Hadisə yerində işləyən hər kəs təhlükəsizlikdədir və biz heç kimə zərər vermədən irəliləyiş əldə edə bilərik".