2000-ə yaxın xarici şirkət Rusiya bazarında aktivlərini sataraq ölkəni tərk etmək üçün Rusiya Maliyyə Nazirliyinin xarici investisiya komissiyasına müraciət edib.
Bu barədə məsələdən xəbərdar olan mənbəyə istinadən "Financial Times” məlumat yayıb.
"Komissiya ayda üç dəfə toplanır və bir iclasda yeddidən çox olmayan müraciətə baxır”, deyə mənbə bildirib.Bu temp saxlanılarsa, Maliyyə Nazirliyinin komissiyasının artıq verilmiş ərizələrə baxması üçün təxminən səkkiz il vaxt lazım olacaq.
Martın 27-də Rusiya Maliyyə Nazirliyi elan edib ki, bundan sonra "dost olmayan" ölkələrin şirkətləri Rusiya biznesini satarkən, satılan aktivlərin yarısının bazar dəyərinin 10%-ni büdcəyə ödəməli olacaqlar. Bu, nazirlik sənədlərində "könüllü töhfə” adlanır. Aktivlər 90%-dən çox endirimlə satılarsa, "haqq” ümumi qiymətin 10%-ni təşkil edəcək.
Qeyd edək ki, əvvəllər Rusiya bazarını tərk edən şirkətlər "könüllü töhfə” və aktivlərin ən azı 50% endirimlə satışı və ya bir neçə il ərzində hissə-hissə ödəmə arasında seçim edirdilər. "Yeni qaydalarla köhnə qaydalar arasındakı əsas fərq ondan ibarətdir ki, şirkətlərin artıq seçim hüququ yoxdur.
Bu, daşınmaz əmlakın müsadirəsidir”, - "Nektorov, Savelyev & Partners” hüquq firmasının ortağı İlya Raçkov FT-yə müsahibəsində bildirib.