Zakir Həsənov deputatın iradlarına nə üçün sərt reaksiya verdi? – ŞOK DETALLAR

13:23 - 23 İyun
    2935 oxunma

Vahid Əhmədovun ona “sən” deyə müraciət etməsi müdafiə nazirini əsəbləşdirib, yoxsa…

Son vaxtlar sabiq nazir Səfər Əbiyevin hədəfə alınması nə ilə bağlıdır?

Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, millət vəkili Vahid Əhmədov parlamentdə çıxışı zamanı müdafiə naziri Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovu Azərbaycan dilini təmiz bilməməkdə ittiham edib və bunun dövlətimiz üçün böyük bəla olduğunu vurğulayıb. O, həmçinin ordu rəhbərliyini separatçı qondarma rejimin yeni lideri Araik Arutunyanın bu ilin may ayının 21-də işğal altındakı Şuşa şəhərində “andiçmə” mərasiminə lazımı formada reaksiya verməməkdə qınayıb.

“Zakir Həsənov da, qəraragah rəisi Nəcməddin Sadıkov da azərbaycanca danışa bilmir. Bilirsən, sən müdafiə nazirisən. Belə bir mərasim olan zaman sən dövlət rəhbərliyi qarşısında məsələ qaldırmalıydın. Amma biz susduq”, – deyən millət vəkilinin sözlərinə görə, Səfər Əbiyev müdafiə naziri olduğu dönəmdə Serj Sarkisyanın Ermənistan prezidenti kimi işğal altında olan Azərbaycan torpaqlarına səfərinin qarşısı alınıb: “Xocalı aeroportunda Sarkisyan açılışda iştirak etmək istəyirdi. O zaman müdafiə nazirinə müraciət etdilər ki, görüşə problem yaranmasın, ancaq açılış baş tutmadı. İndi də Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz elə bil kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq, amma heç olmasa müəyyən addımlar atmalıydıq”.

Vahid Əhmədov və Səfər Əbiyevi hədəfə alanların əsas həyat devizi, yaşam fəlsəfəsi…

Artıq bildiyiniz kimi, Vahid Əhmədovun bu çıxışından dərhal sonra bir sıra deputatlar, o cümlədən bu cür vəziyyətlərdə istifadə üçün nəzərdə tutulan “mətbuat orqanları” həm ona, həm də sabiq müdafiə nazirinə qarşı cəbhə açdılar. Hansı ki, onlar millət vəkili ilə yanaşı, Səfər Əbiyevin də ünvanına əsassız, heç bir tutarlı arqumentə söykənməyən, qərəz və yalan dolu ifadələr səsləndirməyə, bu yolla Zakir Həsənov və Nəcməddin Sadıkova yarınmağa çalışdılar. Əslində, bu, yəni göstərişlə hərəkət etmək, komanda aldıqdan sonra bu və ya digər şəxsi qaralamaq, yaxud da tərif atəşinə tutmaq onların çoxdankı adətidir. Bunlar həmin şəxslərdir ki, vaxtilə Səfər Əbiyevin üvnanına mədhiyyələr səsləndirir, onu peşəkar kadr kimi xarakterizə edir, ordu quruculuğunda müstəsna xidmətləri olduğunu bəyan edirdilər. Bəs, indi nə oldu, cənablar?! Dünən dediklərinizi bu gün nədən danırsınız? Məgər, Səfər Əbiyevi durmadan tərif edən, onu göylərə qaldıran, barəsində xoş sözlər deyən siz deyildiniz?!

SƏFƏR ƏBİYEVƏ HÜCUMLARIN PƏRDƏARXASI...

Bütün bunlar bir daha onu sübut edir ki, bu gün Vahid Əhmədov və Səfər Əbiyevi hədəfə alanların əsas həyat devizi, yaşam fəlsəfəsi məhz “Bağda ərik var idi, Salam-məlik var idi, Bağdan ərik qurtardı, Salam-məlik qurtardı”dır. Əks təqdirdə, onlar nəyinsə naminə və ya kim(lər)insə əmrinə əsasən bu cür iyrənc yolla özlərini ifşa etməz, əsl xislətlərini ortaya qoymazdılar. Əfsus ki, bu halda əlimizdən təəssüflənməkdən, bu cür zavalların halına acımaqdan başqa bir şey gəlmir.

Çünki onların düşüncəsi qul təfəkkürü üzərində formalaşıb. Odur ki, özlərini əmrə müntəzir qulbeçələr kimi aparmağa məcbur və məhkumdurlar! Əks halda, “payok”larından məhrum ola bilərlər.

Zakir Həsənov Nəcməddin Sadıkovdan fərqli olaraq, nə demək istədiyini həm həmsöhbətinə, həm də tamaşaçılara çatdırmağı bacarır, lakin…

Bu arada, onu da nəzərinizə çatdıraq ki, bugünlərdə müdafiə naziri Zakir Həsənov Real TV-də yayımlanan “Mir Şahinin vaxtı” verilişinə müsahibəsində Dağlıq Qarabağ separatçılarının mayın 21-də keçirdikləri qondarma “andiçmə” mərasimi zamanı “Şuşanı niyə vurmadıq?” sualına belə cavab verərkən, ad çəkməsə də Vahid Əhmədova xitabən bunları deyib: “Sizin sualınıza cavab verəcəyəm.

Hətta bəzi adamlar yalandan deyirlər ki, guya hansısa brifinq olub və mən orada Azərbaycan dilində danışa bilməmişəm. Bu, yalandır. Hətta o yoldaş orada çıxış edən zaman şəxsi tanışlığı olmayan insana “sən” deyə müraciət edir.

Bunun özü onun həm Azərbaycan dilini necə bilməsinin, həm tərbiyəsinin, həm də səviyyəsinin göstəricisidir. Bunu qoyaq bir tərəfə. Orada belə bir fikir səsləndi ki, müdafiə naziri cənab prezident İlham Əliyevin qarşısında məsələ qoymalı idi ki, nəsə etsin. Mən istəyirəm ki, bütün bu yoldaşlar eşitsinlər: cənab prezident nə etmək lazım olduğunu məndən də, onlardan da yaxşı bilir və bunu etdi də”.

Müdafiə naziri qeyd edib ki, ölkə başçısının tapşırığı ilə Azərbaycan Ordusu planlı şəkildə genişmiqyaslı təlimlər keçirib: “Təlimlərin planına uyğun olaraq, qısa müddətdə bütün istiqamətlərdə minlərlə əsgər, yüzlərlə tank, top cəmləşdi. Ermənilər təşvişə düşdülər və beynəlxalq qurumlara müraciət etməyə başladılar. Bunun özü də ermənilərin işğal siyasətinin beynəlxalq qurumlarda gündəmdə saxlanmasıdır.

Onların generalları, siyasətçiləri şikayət etməyə başladılar ki, bizə hədə-qorxu gəlirlər, bu, bizə təzyiqdir və s. Hətta ABŞ-da hərbi mütəxəssislər də məsələyə münasibət bildirdilər. Dedilər ki, Azərbaycan Ordusunun təlimləri yeni üsullar, yeni taktika ilə keçirilir və ABŞ ordusunun təlimlərinə bənzərdir. Hətta bundan erməni lobbisi təşvişə düşüb. Ermənipərəst senatorun vasitəsilə həm ABŞ-ın müdafiə nazirinə, həm də dövlət katibinə müraciət ediblər ki, Azərbaycanı dayandırın. Baxın, dost görür, düşmən görür, bunlar görmürlər. Bunların məqsədi ayrıdır”.

Beləliklə, sözügedən müsahibəni başdan sonadək izləyənlər də təsdiqləyə bilərlər ki, müdafiə naziri Mir Şahinin suallarını cavablandırarkən, çətin də olsa, dövlət dili olan Azərbaycan dilinin norma və üslublarına maksimum dərəcədə riayət etməyə çalışıb. Düzdür, insaf naminə qeyd etməliyik ki, Zakir Həsənov xarici işlər naziri Elmar Məmmədyarovdan, o cümlədən Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovdan fərqli olaraq, nə demək istədiyini həm həmsöhbətinə, həm də tamaşaçılara çatdırmağı bacarır. Lakin bu, heç də o demək deyil ki, o, Azərbaycan dilini rus dili qədər mükəmməl bilir. Halbuki neçə əcnəbi dil bilməsindən asılı olmayaraq, o və digər vəzifə sahibləri, eyni zamanda ölkənin bütün vətəndaşları dövlət dilində səlist, “aksent”siz danışmağa borcludur.

Bəzi məqamlarda həlledici postda təmsil olunan şəxs ölkənin milli maraqları naminə təşəbbüsü öz üzərinə götürərək, yerində qərar verməli və onun icrasını təmin etməlidir

Keçək digər məsələyə. “Mən istəyirəm ki, bütün bu yoldaşlar eşitsinlər: cənab prezident nə etmək lazım olduğunu məndən də, onlardan da yaxşı bilir və bunu etdi də”, – deyən nazir əslində özü də fərqinə varmadan vəziyyətini bir qədər qəlizləşdirib. Bəli, ölkənin Ali Baş Komandanı nə zaman nə etmək lazım olduğunu yaxşı bilir. Lakin bəzi məqamlarda prezidentin bu və ya digər məsələ ilə bağlı daha təsirli qərar verməsində önəmli postlarda təmsil olunan nazirlərin də təkliflə müraciət etmələri xüsusi önəm daşıyır.

Bu, istər postsovet məkanında, istərsə də ABŞ və Avropa dövlətlərində bu cürdür. Belə ki, nazirlər müəyyən təkliflə dövlət başçısına müraciət edir və söhbət əsnasında mövqeyini arqumentlərlə əsaslandırmağa çalışır. Bundan sonra isə prezident hər şeyi götür-qoy edir və nəhayət, ən məqbul qərarı qəbul edir. Bəzi məqamlarda isə həlledici postda təmsil olunan şəxs ölkənin milli maraqları naminə təşəbbüsü öz üzərinə götürərək, yerində qərar verməli və onun icrasını təmin etməlidir. Əfsus ki, Zakir Həsənov və Nəcməddin Sadıkov Araik Arutunyanın “andiçmə” mərasimi zamanı bu cür addım atmadılar.

Halbuki Səfər Əbiyev müdafiə naziri olduğu dönəmdə təşəbbüsü öz üzərinə götürərək, Serj Sarkisyanın Ermənistan prezidenti kimi işğal altında olan Azərbaycan torpaqlarına səfərinin qarşısı alınmışdı. Həmin vaxt “Ola bilsin ki, bu səfər onun sonuncu səfəri olsun”, – deyən Səfər Əbiyev Sarkisyanın Azərbaycan torpaqlarına gəlməyə ixtiyarının olmadığını bəyan etmişdi.

Ötən sayımızda bildirdiyimiz kimi, bunu Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) sabiq komandanı, general-mayor Altay Mehdiyevlə yanaşı, həmin dövrdə HHQ-də xidmət edən Hərbi Polisin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov da təsdiqləyib. Zakir Həsənov isə bunun əksinə, Real TV-yə müsahibəsində özünü məsuliyyətdən kənara çəkərək, separatçı qondarma rejimin yeni liderinin Şuşa şəhərində keçirilən “andiçmə” mərasiminə lazımı reaksiyanın verilməməsinə görə səsləndirilən ittihamların yönünü dəyişdirməyə cəhd edib. Halbuki müsahibə zamanı ümumiyyətlə, bu mövzuya toxunulmasaydı, daha məqsədəuyğun olardı. Çünki bu halda ordu rəhbərliyinin qətiyyətsizliyi özünü bu cür açıq formada büruzə verməzdi. /Hurriyyet.org/


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84