Zahid Oruc: ”Zəngəzurda 750 metr geri çəkilməyə məcbur olan ermənilər..."

14:36 - 07 Dekabr
    2490 oxunma

Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Azərbaycan – Ermənistan arasında münasibətləri sərhədlərin müəyyənləşdirilməsi prizmasından şərh edib.

Biximxeber.az bildirir ki, Zahid Orucun "Facebook” səhifəsində yazdığı şərhi olduğu kimi təqdim edir: İlk dəfə Kəlbəcər azad ediləndən sonra iki dövlətin orduları silahla deyil, SSRİ dövrünün xəritəsi və GPRS texnologiyası əsasında sərhədlərin müəyyənləşdirilməsi təcrübəsinə əl atıblar.

Unikal hadisədir, çünki dünənədək səngərdə ağır silahlı savaşda üz-üzə olan tərəflər-məhz ordu qüvvələri delimitasiya xəttini təyin etməyə cəlb olunub. Halbuki, dünyada dövlətlərarası münasibətlər təcrübəsində geodeziya-kartoqrafiya sahəsində peşəkar mütəxəssislər olmadan problemi çözmək mümkün deyil.

Çünki ölkə içində bəzən iki qonşunun ərazi mübahisəsini həll edərkən peyk rabitəsinin ölçüləri ədalətli bölgünü təmin edə bilmir. Söhbət 100 kilometrlərlə çətin relyef şəraitini əhatə edən, landşaftı keçilməz sıldırım qayalardan, meşə və yarğanlardan (Tovuz, Kəlbəcər, Laçın, Naxçıvan) ibarət olan coğrafiyalarda demarkasiyaları təyin etmək bəzən aylarla vaxt aparır.

Ermənistan-Azərbaycan məsələsində məhz birincinin cinayətkar işğalçılıq siyasəti nəticəsində, Sovetlər Birliyi dağılandan bu yana hər hansı diplomatik tanıma, ona uyğun münasibətlərin hüquqi müstəvisi formalaşmadığı hamıya bəllidir. Azərbaycanın Laçın rayonunun işğaldan azad olunandan sonra meydana çıxan durum düşməni dərindən düşünməyə vadar etdi-onlar bazis nöqtəsi, hesablama sistemi və beynəlxalq hüquqa uyğun hansı meyarı irəli sürsünlər, Azərbaycanla sərhəddi necə müəyyənləşdirsinlər?

Diqqət edin, erməni Baş nazir Söyüdlü (Zod) yatağının aqibətindən danışanda mənsub olduğu xalqın daim lənətlədiyi Stalin dövrünün xəritəsi ilə hərəkət etdiklərini deyir, digər bir rəsmi-Qafan rayonunun meri Gevorq Parsyan Tert.arm saytına müsahibəsində Sovetlər dövründə mövcud olan demarkasiya xəttinə əsaslanaraq problemi həll etdiklərini söyləyir, ardınca da ona ictimai təzyiqlərin çoxladığını görüb məsuliyyəti diplomatlar və ordunun üstünə atır.

Rəsmilər Qafan ərazisində illər öncə inşa edilən hava limanının Azərbaycanla cəmi 2 kmlik məsafədə yerləşməsinin yaratdığı təhlükənin necə çözüləcəyindən özlərini kənarda saxlayır. Bir müddət əvvəl Sünikin-Zəngəzurun rəhbəri oxşar diplomatik neytrallıq nümayiş etdirmişdi və 5 dekabr tarixində İrəvanda Azadlıq meydanına etiraza çıxanların içərisində həmin bölgənin sakinləri də üstünlük təşkil edirdilər.

Lakin əgər erməni tərəfi məhz bolşeviklərin bir vaxtlar çox böyük qanlı müharibələr və vətəndaş toqquşmaları vasitəsilə müəyyən etdiyi ərazi bölgüsünün konturlarına istinad etməyə başlayırsa, bu Azərbaycan dövlətinə Qarabağ məsələsində Ermənistana son ultimatumu verməyə imkan yaradır. Yəni, sərhədi müyyən edərkən söykəndiyiniz prinsip keçərlidirsə, onda həmin qaydanın işlək olduğunu bütün münaqişəli məsələlərə aid etməyə məhkumsunuz. Kimsə belə yanaşmaya etiraz edirsə, avtomatik öz xalqını fəlakətin içinə atır. Axı Koçaryanın "sizi qorxutmaq istəmirik, amma sərhədlərimizi qoruyacaq qüvvə çatışmır” deməsi vəziyyətin necə acınacaqlı olduğundan xəbər verir. Dünən Zəngəzurun Aravus kəndinin yaşlı adamlarına əskərlərimizin verdiyi "750 metr geri çəkilməlisiz” ultimatuma cavab olaraq, silahlanmaları və kustar qaydada özünümüdafiəyə qalxmaları da sabiq prezidentin məlumatının doğruluğunu sübut edir. Kadrlardan göründüyü kimi, "döyüşə atılan çobanlar” nizami hərbi dəstələr olmadığı üçün heç olmasa onların oğlanlarının cəbhədən geri göndərməyi tələb edir, dayandıqları ərazilərin "satıldığı”na görə dövləti xəyanətdə suçlayır və ən sonda polis qüvvələrinin köməyinə bel bağlayır.

Bəli, Azərbaycan əsgəri hər qarış cığır, yol, dərə və dağ uğrunda mücadilə verir, dəmir iradə nümayiş etdirir, düşmənə yenilməz güc göstərir. ”2-ci Tiqranın varislərinin isə on illərin təbliğat ürünü- "ordu-millət "ideologeması iflasa uğrayıb. 

Əks halda, indi hamı qəbul etməlidir- Müzəffər Ordumuz elə bir hərbi reallıq yaradıb ki, əsgərimiz harada durarsa, sərhəd də oradan çəkiləcəkdir. Bəli, Bismarkın birləşdirdiyi böyük Almaniya torpaqlarının uzandığı Avropa qitəsində, üstündən 200 il sonra bir Qafqaz və islam ölkəsi də öz tamlığına qovuşmaqdadır.

Bir əsr əvvəl Qızıl Ordunun süngüsü ilə çəkilən siyasi haşiyələr, milli müqəddaratlar dəyişikliyə uğrayır, Azərbaycanın şanlı Silahlı Diplomatiyası bir qayda olaraq, imperiyaların qurulması və dağılması zamanı ədalətsizliklə müşaiyət olunan tablodakı xətaları aradan qaldırır.

Heyrətamiz presedentdir. Tarixi təcrübə Qarabağ ətrafındakı hərbi-siyasi xronikanın daha böyük tektonik-qlobal dəyişikliyin anonsu olaraq qəbullanmağı bizdən tələb edir. İnanırıq ki, igid əsgərlərimizin müəyyən etdiyi yeni xəritələr Azərbaycanın Qafqazlarda yaratdığı fərqli təhlükəsizlik arxitekturasının başlanğıcı olacaqdır. 1920-ci ildən fərqli olaraq, ölkəmizin üç ordusu var-dövlət, xalq və 200 minlik Silahlı Yenilməz Güc!

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84