Yaralı baş leytenant: “3 kilometr sürünüb neytrala çatdım...” - FOTO

16:30 - 08 Dekabr
    1730 oxunma

Qaynarinfo baş leytenant, II Qarabağ savaşının qazisi Aqil Süleymanlı ilə müsahibəni təqdim edir:

- Salam, Aqil bəy. Qəzanız mübarək olsun. Hazırda necəsiniz, səhhətiniz necədi? Qospitalda müalicə alırsınız...

- Təşəkkür edirəm, çox sağ olun. Hə, qospitaldayam. Vəziyyətim də yaxşıdır. Sağalmağa doğru gedirəm, inşallah. Yaxşı olacaq.

- Necə oldu yaralandınız, hansı istiqamətdə?

- Xocavənd rayonu Qırmızı bazarda mühasirəyə düşdük. Orda yaralandım.

- Mühasirəyə düşənlərin hamısı yaralandı, ya təkcə siz? Şəhid olanlar oldumu?

- Xeyr. Mənim bir əsgərim və mən yaralandım. Şəhidlər barədə isə məlumat verə bilmərəm. Üzrlü bilin.

- Güllə yarası aldınız? Yaralanandan sonra necə oldu vəziyyət? Necə çıxdınız?

- 7.62 mm güllə. Dizdən aşağı on lülə sümük, qəlpəli sınıq yarası idi. Ən birinci mənim olduğum maşını qranatamyotla vurdular. Kontuziya aldım. Öndə, birinci maşında idim. Sonra da maşından tullanıb, yerə uzandım. Gözlərim 5 saniyəlik qarandı. Özümü toparlayıb qayıtdım yanan "Ural”dan silahımı götürdüm və atəş açmağa başladım.

- Əsl film... Qarşınızda erməni var idi həmin an? O cür yaralı-yaralı...

- İki dığa gəbərtdim orda. Şəxsi heyəti çıxarmaq üçün onları başqa tərəfə çəkdim.

Çıxan zaman da ağır yaralandım.  Müddətdən artıq əsgər, mənim can yoldaşım Axundov Elvin də mənimlə orada qaldı. Nə qədər təkid eləsəm də, getmədi və birlikdə min bir çətinliklə atəş altında düşmən səngərindən uzaqlaşdıq...

- Necə gəldiniz bəs o yolu? Ağır yaralı ola-ola...

- Təxminən, 3 kilometr sürünərək neytral əraziyə gəlib çatdıq. 10 saata yaxın da neytralda qaldıq. Ancaq ondan sonra təxliyə oluna bildik.

- Huşunuzu itirmədiniz heç?

- Mən ümumiyyətlə, həyəcan  hissini döyüşə gedəndən  unutmuşdum. 3 kilometr o yolu yaralı, sınmış ayaqla getsəm də, itirmədim. Təxliyə olunana qədər oyaq olmuşam. Hətta məni təxliyə edənlərə koordinatları da özüm vermişəm...

- Aqil bəy, siz baş leytenantsınız. Müəyyən təcrübəniz var, amma bütün hallarda insan hissləridir, təbiidir. Heçmi qorxu hissi olmadı? Yaralananda içinizdə Allaha ölməmək üçün dua etdinizmi? Ümumiyyətlə, ilk olaraq nə düşündünüz, kimi düşündünüz? Axı, sizi də gözləyən var...

- Allaha and olsun ki, qəti, zərrə qədər qorxu hissi keçirməmişəm. Döyüşə gedəndə hər şeyi gözə almışdım. Həyəcan da, qorxu da, hamısı keçib getmişdi. Onsuz da döyüşün içində idik. Onu düşünməyə ehtiyac yox idi. Bircə Allaha yalvardım ki, məni oğlum Məsuda bağışlasın. Onun boynu bükük qalmasın. Elə onu düşünəndə ağrılarımı unudurdum. 3 yaşı var Məsudun. O mənim yaşama səbəbim oldu döyüş meydanında.

- Adı ilə böyüsün. Mutlu və Məsud.

- Çox sağ olun.

- Aqil bəy, Xocavəndə qədər hansı ərazilərdə döyüşdünüz bəs?

- Birinci Murov istiqamətində döyüşdüm. Sonra Cəbrayıl, ən sonda da Xocavənd.

- O torpaqları ilk görəndə necə? İçinizdə hansı hisslər oyandı? İllərdi Azərbaycanın həsrət qaldığı yerlərə qanınızla, canınızla girmisiniz.

- İfadə edə bilmərəm o hissləri. Çətindi. Bilmirəm necə deyim. Təəssüfləndiyim bir şey var, o da əslən olduğum yerə, öz torpağıma, Kəlbəcərə gedə bilmədim...

- Amma çox da təəssüflənmək lazım deyil. Ora qalib əsgər kimi sağalıb gedəcəksiniz...

- Hə, elədir. Şükür.

- Aqil bəy, bir daha sizə təşəkkür edirik. Qanınızı, canınızı vətən yolunda qoydunuz. Sizlərsiz olmazdı.

- Çox sağ olun. Bu, mənim borcum idi, yerinə yetirdim.

- Bir Qarabağ qazisi olaraq xalqımıza nəsə demək istəyirsinizmi? Nə edək, necə edək ki, sizə olan borcumuzu ödəyə bilək?

- Canımız da, qanımız da bu torpağa, bu vətənə qurbandı. Biz torpaq uğrunda döyüşdük. Heç kimin bizə, şəxsən mənə borcu yoxdur. Mənim borcum idi bu dediyim kimi. Allah sizdən, sizlərdən razı olsun! Diqqətdə saxladığınız üçün sağ olun. Bu özü bəsdir elə...


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84