.
.

Xərabə...

16:17 - 16 Mart
    77560 oxunma

Gördün ki, həyatın dadını çıxara bilmirsən,dadını qaçıranları çıxar həyatından!   - Bob Marly 
3 gün yuxusuzluqdan sonra...
Küçədə qonşumuz oğru oğlunu harasa yola salır.
-Salam.
-Salam.
- Qonşu nə əcəb bu vaxtı, hara belə...?


Cavab yoxdur.
Əgər axşam evə qayıtmasam, qonşunun oğru oğlu evdə olmadığımı bilib kreditini hələ ödəyib bitirmədiyim televizoru yenə oğurlayacaq. 
Küçənin başında əlində maska ilə o tərəf bü tərəfə gəzişən polis serjantı:

- Yandıranın olmaz?
- Buyur... Siqareti də bahalaşdırdılar, hər gün qiymətlər qalxır, bunun axırı nə olacaq?
 - Çox sağ ol. 
- Yandı?
- Hə, sağ ol. Axırı yaxşı olar.
- İnanmaq istəyirəm. Xoş növbətlər... 

Uzaq yol gedəcəyimi bilsəydim maşının "karobka"sına yağ əlavə etdirərdim. Onsuz da dəyişməyə pul yoxdur. Peç işləsə də içəri qızmır. Yox, bu maşınla gedə bilmərəm. Avtobus yaxşıdır. 

"Day yer yoxdur. Virusa görə, ara məsafəsi saxlamaq lazımdır. Görün bir yol tapıb gələ bilərsiz?” Taksi ilə gedək? Yox e, taksi ora baha aparar”...  
Yer yoxdur deyəsən, bəlkə avtovağzala gedib, ordan bir maşın tapıb gedərəm. Bəs axşam qayıdanda... necə edərəm. Olmaz bir gecə də qalaram orda.

- Çatdıq...

- Bəs burdan o tərəfə necə ... Çörək aparan maşınlarla danış aparsınlar...
- ... qardaş, eşitdim jurnalistlər gəlib buralara... Müharibədə səngərə niyə gəlmirdilər? Niyə gəlib bizim döyüşləri çəkmədilər?
- İcazə vermirdilər.
- Niyə? Real film kadrları idi hamsı. 
- Nə bilim, icazə yox idi.
- Görünən maşınları keç saxla, zəhmət olmasa... Çox sağ ol. Allah sizi qorusun...

...Bunlar hələ burdadır. Bu da burdadır ki. Elə buna bax... Bu burda neynir?  Təzə də burdadır. Universitetdə oxuyanda görmüşdüm sonuncu dəfə.
Səmimi adama oxşayır. Nə yaxşı hamı ilə şəkil də çəkdirir. Hələ buna bax, əlini cibindən çıxarmır. Əvvəlkinin yanında udqunmayan adam bunun yanında əli cibində...
Bacarırlar da, halaldı bunlara. Əşi özləri bilər.

Bu şərəfsizlər məscidi tamam dağıdıblar... Əvvəlki görünüşündən heç bir əsər-əlamət də qalmayıb. 

Görəsən tapa biləcəm? Məscidin arxasındakı küçədənəm demişdi. Bu alçaqlar burda küçə qoyub ki... Hər yer darmadağındı. Bu dəmir-dümürləri də hələ yığışdırıb qurtarmayıblar. Neçə aydır təmizləyirlər bitmir bunların zir-zibili...

Bunlar nə axtarır?

- Siz də burdasız?
- Həə.. Xoş gördük. Nə zamandı görüşmürük, necəsiz? 
- Yaxşıyam.
- Siz Bizimxeber.az-ın baş redaktorusuz?
- Bəli.
- Oxuyuram sizin saytı...
- Oxuyun... 
-  Maliyyəsi var?
 - Bura o mövzunun müzakirə yer deyi axı.
 - Elə belə soruşdum.
- Soruşma. Sayt özümündür, heç bir məmurun deyil. Maliyyəsi də yoxdur.
- Çətin olan onda.
- Asan heç nə yoxdur burda zatən. Hər şey çətindir. 
- Yaxşı gedək biz. 
 - Gedin. Ehtiyatlı olun mina olar. 

... Yox bura olmaz. O demişdi əraziləri minalayıblar. Burda mina yoxdur. Bəlkə də ruslar buranı da minadan təmizləyiblər. Təmizlənən əraziyə də oxşamır amma. 

... Bu da sənə mina... Ərazi minalıdır, mən də bilmədən girmişəm bura. Görəsən o uşaqlar bildilər burda mina var? Düşərlər birdən. 

Məscidin solundakı 4-cü ev. Hansıdır görəsən? Tapacam, söz vemişəm axı... 

Bu da tut ağacı... Buradır, hə buradır. Əla... Ruhun şad olsun şəhidim. Sənin evin azaddır. Bax, mən burdayam, sən də yəqin burdasan. Amma mən bir azdan getməliyəm. Sən isə istədiyin qədər burda qala bilərsən. Bura sənin evindir, bura sənin ana yurdundur, ocağındır... Bu daşı da bura qoyuram, gəldiyimin işarəsi olsun. Mən getdim, sən isə qal.

- ... Çay içirsən?
- Yox.
- Paxlava ilə e.
- İstəmirəm, özün iç.
- Mən 5-ni içmişəm.
- ... Şəkil çəkdirək?
- Yox.
- Video çəkdin?
-Yox.
- Niyə çəkmirsən?
- Çəkib neyniyəcəm? 
- Saytında paylaşarsan. 
- Saytımda buranın şəkilləri çoxdur. Güçüm çatan qədər paylaşmışam.
- Öz şəklini selfi elə onda.
- Niyə? Bu xarabalığa çevrilmiş yerlərdən xatirə saxlayım? Mən belə xatirələri sevmirəm. Adam dəli olur burda. Dağıdıblar tamam...
- Sən çəkdirmədin onunla şəkil?
- Kiminlə?
-Onunla da.
- O kimdir?
- Hikmət Hacıyevlə də. Get sən də çəkdir, qoy onunla şəklin olsun. 
- Sizin Əli Həsənovla olan şəkliniz kimi? Axırda sildiz axı o şəkilləri. Gizlətdiz, itirdiz.
- Əşi, sən də həmişə bunu deyirsən. İndi zəmanə belə tələb edir. İmkandır get çəkdir.
-  İstəmirəm. Mən belə zəmanənin adamı olmaq istəmirəm. Bəlkə heç o da istəmir mənimlə şəkli olsun. 
- Özün bilərsən...
- Əlbətdə...
- Maşınlar çıxır deyəsən gəl gedək.
-  Siz gedin, mən özüm gələcəm.
- Sən bizimlə gəlməmişdin?
- Yox, mən tək gəlmişdim.
- Dəvətsiz gəlmişdin?

- Bura gəlmək üçün kiminsə dəvətinə ehtiyacım yoxdur. Bura bizim torpağımızdır, mən muharibədə də dəvətsiz gəlirdim, indi də. Sən min avtobusuna çıx get. Mən hələ burdayam... 

Gözlərimi ovuşdurub telefon zəngini açıram. 

“Müəllim işıq pulunun çekini qoydum sayğacın içinə. 20 manat 33 qəpik yazıb. Bir də keçən aydan qalan borcu da ödəyin, yoxsa işığınız gəsiləcək”.

Bilənlər danışmır, Danışanlar da bilmir.   - Lao Tze 

Ədil Hüseynli

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84