“Xankəndidə baş verənlərə cavab verməsək, əli-qolu bağlı vəziyyətə düşəcəyik”

18:38 - 21 Fevral
    6880 oxunma


Loading...

1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin məclis üzvləri Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul etdi və bir qərinə davam eləmiş faciənin əsası qoyuldu. 20 fevral günü Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistan SSR-ə birləşmə haqqında qərar qəbul edəndən sonra, separatçılar hər il bu tarixi dirçəliş günü kimi yürüşlə qeyd edirlər. Dünən də Xankəndidə məhz bu "dirçəlişi”n  33-cü ildönümünü qeyd etdi.

Ən pisi də bu oldu ki,  separatizmi  körükləyən bu hadisə Rusiya sülhməramlılarının himayəsi altında təşkil olunub. Yürüşün ön cərgəsində, hərbi formada yürüyən, əlində qərənfilli Rusiya sülhməramlılarının keşişini  görməmək mümkün deyildi. Xankəndi tamaşası Azərbaycana qarşı  növbəti təxribat idi.

Mərasimdən öncə İrəvanda müxalifətin uğursuz mitinqi baş tutdu. Halbuki çevriliş ssenarisi  üçün 30 milyon dolların ayrılması barədə məlumat yayılmışdı. Savaşda məğlub olmuş hökumətin ictimai reytinqinin onu devirmək istəyənlərdən qat-qat çox olduğu göründü.

Politoloq İlham İsmayıl Bizimyol.info-ya bildirib  ki, Xankəndidə kemirilən tədbir adi yürüş deyildi,  məğlub tərəfin ayaqlanması, dirçəlməsi, bizə meydan oxuması idi.

"Sülhməramlıların dəstəyi sayəsində separatçılar dirçəlirlər. Bu dirçəliş psixoloji cəhətdən onları bizə qarşı daha aqressiv edir və müstəqil olmaq düşüncələrini möhkəmlədir. Bu, Azərbaycanın bu üç aydan çox müddətdə Qarabağın işğalda olan ərazilərimizlə əlaqədar heç bir mövqe bildirməməsinin nəticəsidir. Bu cür vəziyyət, düşmənə və sülhməramlılara sərf edir. İndi vaxt uzatmağa, separatçıların məğlubiyyətdən sonra psixoloji gərginliklərini aradan qaldırmağa xidmət edən bir durum yaşanır. Bu durumun uzanan hər günü bizim əleyhimizədir. Sabah Minsk Qrupu da gəlib status məsələsini ortaya atanda Rusiya da onlarla razılaşacaq, bizə də deyəcək ki, "məsələ tək bizlik deyil”. O zaman Azərbaycan yenə əli-qolu bağlı vəziyyətə düşəcək. Ona görə biz susmamalıyıq”,- deyə politoloq bildirib.

İrəvanda keçirilən mitinqə gəlincə, bir çox politoloqlar hesab edirlər ki, müxalifəti çox az adam dəstəkləyir.  Ermənistan əhalisi Qarabağsız Ermənistana, Azərbaycan və Türkiyə ilə sərhədləri açacaq yaşamaq variantına üstünlük verdi. Lakin bu yalnız dünən üçün keçərli həqiqət idi və Rusiya hər an hər şeyi dəyişə bilər. Hər şey siyasi maraqlardan asılıdır. İndiki halda Kremlə orada hakimiyyəti devirib qarışıqlıq yaratmaq lazım deyil.  Dünən  dünyanın ən məşhur beyin mərkəzi "Gallup” açıqladı ki, Rusiyanın  havadarlıq etdiyi müxalifətçi  Robert Köçəryanın nüfuzu cəmi 10 faiz təşkil edir. Bu durumda Rusiyanın  çevriliş həvəsi qurşağında qalardı. Ona görə də Qafqazın bağrında yara kimi qalmaq istəyən Rusiya İrəvandan çıxıb, Xankəndinə yerləşir. Rusiya indi daha çox Xankəndidə güclənməyə maraq göstərir. Buna görə də bir yox, iki lider bəsləyir. Biri əlindən çıxarsa, digərini istifadə etmək ehtimalı naminə  Araik Arutunyanla Vitali Balasanyan arasında rəqabət başlayıb və onlar artıq əks düşərgələrdə yer alırlar.

Azərbaycanın gələcəyə dönük planları nələrdir? Dövlətimiz qələbədən sonra hərbi büdcəsini bir qədər də artırdı, Türkiyə ilə hərbi əməkdaşlıq daha güclənən xətlə davam edir, çox ciddi  hərbi təlimlər davam edir. Türkiyə ilə hərbi əməkdaşlıqda, başqa sahələrdə artıq yeni bir mərhələyə keçməliyik. Arxayınlaşmaq üçün tezdir və əsasımız yoxdur. Çünki Baydenin gəlişi ilə İranın ətrafında nə baş verəcək,  Ermənistanda revanşist qüvvələrin qələbə çalıb–çalmayacağını bilmirik. Hər bir varianta hazır olmaqdan başqa çarə yoxdur.

Yaxın gələcəkdə isə..

Dünən Xankəndidə baş vermiş "dirçəlişi”  elə yerindəcə boğmaq üçün əhali daha böyük  addımın atılmasını həsrətlə gözləyir. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın 26 fevralda Xocalıya səfərini…

Proseslərin sürəti  separatçılar tərəfindən bilərək artırıldı . 33 il öncə  gedilən yollarla təkrar gedilir, hadisələr təkrar başladılır.  Bunun qarşısını almaq üçün hansısa addım atılmaya bilməz. Əks halda gəldiyimiz yerə geri dönə bilərik. Biz dünya tarixində  ən qəddar hadisə kimi qalmış Xocalı faciəsinin ildönümünü bu il "dirçələnlərin” gözünə soxmaq üçün Xocalıda keçirməliyik.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84