Vilyam Hacıyevin şikayəti təmin edilmədi

11:49 - 19 May
    545 oxunma

Mayın 15-də Bakı Apellyasiya Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarından verilən şikayətinə baxılıb. 

Hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun şikayəti təmin edilməyib və Səbail Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. 

Qeyd edək ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də, ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək, götürülüb.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Həmçinin, Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də, rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək, almasına dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin qanunsuz əməlləri ilə bağlı istintaq davam edir. Xatırladaq ki, mayın 6-da Səbail rayon Məhkəməsinin qərarı ilə Vilyam Hacıyevin barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84