Vəziyyət necə düzəltməlidir?

15:18 - 13 Fevral
    11840 oxunma

"Holdinqin əsas məqsədi və qayəsi ziyanla işləyən şirkətlərdə ciddi təmizləmə işlərinin aparılmasıdır". Bunu açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli İnvestisiya Holdinqinə verilən dövlət qurumlarından danışarkən deyib.

Onun sözlərinə görə, ilkin olaraq holdinqə daxil edilən dövlət şirkətlərində ciddi audit yoxlamaları aparılmalıdır: "Əslində İnvestisiya Holdinqinin yaranmasının əsas səbəbi dövlət şirkətlərinin rentabelli işləməsini təmin etmək, izafı xərcləri azaltmaq, onların gəlirlə işləməsini təmin etməkdir. Nəticə etibarı ilə dövlət büdcəsindən ayrılan vəsaitlərin sonlandırılması kimi bir hədəf qoyulub.

Ona görə də İnvestisiya Holdinqinin əsas fəaliyyəti dövlət şirkətlərinin işinin optimallaşdırılmasından ibarət olmalıdır. Hələlik holdinqin fəaliyyətində ciddi aktivlik müşahidə olunmasa da, böyük gözləntilər var. İlkin olaraq holdinqə daxil edilən dövlət şirkətlərində ciddi audit yoxlamaları aparılmalıdır və "niyə ziyanla işləyir" sualına cavab tapılmalıdır. Bu günə kimi bütün dövlət şirkətləri hər il elan ediblər ki, "biz ziyanla işləyirik".

Təbii inhisarçı olmasına rəğmən, hətta AZAL belə ziyanla işlədiyini elan edir. Amma heç vaxt bunun səbəbləri açıqlanmır. Dövlətdən dotasiya almalarının səbəbi izah edilmir. Nəyə inhisarçı şirkətlər, hansılar ki, bazarda rəqibləri yoxdur, gəlirlə işləyə bilmirlər? Ehtimal ondan ibarətdir ki, həmin şirkətlərdə xərclər şişirdilir, qeyri-şəffaf idarəetmə var və xərclərin şişirdilməsi, dövlət satınalmalarının qeyri-şəffaf keçirilməsi nəticə etibari ilə xərclərin şişməsinə səbəb olur. Sonda isə kağız üzərində "ziyanla" işləyirlər".

Natiq Cəfərli bildirib ki, bu şirkətlər dövlət büdcəsindən dotasiya almayacaqsa, bunun yerini qiymətlərin artırılması, xərclərin azaldılması yolu ilə doldurmağa çalışılmalıdır: "Azərsu" məsələsində gördük ki, ilk atılan addım qiymət artımı oldu. Düşünürəm ki, bu praktikadan imtina etmək lazımdır. İnvestisiya Holdinqinin əsasnaməsinə uyğun olaraq, ciddi audit yoxlamalarının və bu şirkətlərdə olan problemlərin üzə çıxarılmasının zamanı çoxdan çatıb".

Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı ilə ötən il avqustun 7-də "Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs yaradılıb və Holdinqin nizamnaməsi təsdiq edilib. 

Ötən gün "Azərbaycan Hava Yolları” QSC, "Azərbaycan Dəmir Yolları” QSC, "Bakı Metropoliteni” QSC və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki "BakuBus” MMC Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilib. 

Bundan əvvəl isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "AzerGold” QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC AİH-nin idarəetməsinə daxil edilmişdi.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84