. .

Turizm sektorumuz batır və DTA “qış yuxusunda"

14:53 - 30 Aprel
    20830 oxunma

"Pandemiya dövründə Dövlət Turizm Agentliyi turizm şirkətlərinə heç bir dəstək göstərmədi, hətta vəziyyətimizlə maraqlanmadı".

Bütün dünya turizm mövsümünə hazırlaşır. Əksər dövlətlər koronavirus pandemiyası ilə əlaqədar turizm obyektlərini qapatsa da, mövsümün gəlişi ilə açıq elan edirlər. Məsələn, Çernoqoriya turistlərin ölkəyə girişi üçün tətbiq olunan bütün məhdudiyyətləri, o cümlədən koronavirus testini ləğv edib.

Bu məqamda qeyd edək ki, hazırda Azərbaycandan Türkiyə, Rusiya, Ukrayna, Belarus, Maldiv adaları, Misir və İndoneziya istiqamətində müntəzəm uçuşlar həyata keçirilir. Nəzərə alanda ki, turizm əksər ölkələrin iqtisadiyyatında əhəmiyyətli rola malikdir və pandemiyanın da nə zaman bitəcəyini söyləmək olmaz, o zaman illərdir aqoniya vəziyyətində olan bu rentabelli sahəni yenidən dirçəltmək, qoyulan məhdudiyyətləri aradan qaldırmaq əsas müzakirə mövzularındandır.

Paytaxt Bakı, Quba, Qusar, Xaçmaz, Şəki, Qax, Zaqatala, Gəncə, Qəbələ, İsmayıllı, Naxçıvan, Lerik və digər bölgələr Azərbaycanın əsas turistik bölgələri sayılır. Rəsmi statistikaya istinad etsək, görərik ki, pandemiyaya qədər Azərbaycana gələn xarici turistlərin illik sayı milyonlarla olub. Misal üçün, 2019-cu ildə Azərbaycana 3 milyon 170,4 min nəfər, 2018-ci ildə 2 milyon 650, 3 nəfər xarici turist təşrif buyurub. Ümumi mənzərəyə nəzər yetirsək, gələn xarici turistlərin əksəriyyətinin Rusiya, Türkiyə, Gürcüstan, İran və ərəb ölkələrindən gəldiyini görərik. Bununla yanaşı, Avropa dövlətlərindən, müxtəlif Şərq ölkələrindən gələn turistlərin sayı da az olmayıb.

Xatırladaq ki, Azərbaycanda dövlət səviyyəsində turizmin inkişafına xüsusi diqqət ayrılıb və bu sahəyə məsul nazirlik də mövcud olub. Əvvəlcə Gənclər, İdman və Turizm, daha sonra isə Mədəniyyət və Turizm Nazirliyi adı altında fəaliyyət göstərib. 2018-ci ilin aprelində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (DTA) təsis edilib. Qurumun yaradılmasından iki il zaman ötsə də, bu qurumun aktiv fəaliyyəti müşahidə edilməyib. Düzdür, bir çoxları bunu pandemiya ilə əlaqələndirirlər, lakin görünən odur ki, Agentlik daha çox formallıq və görüntü üzərində fəaliyyət göstərib.

Qurumun əsasnaməsində qeyd olunur ki, Agentlik turizm sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, turizm sahəsində normayaratma fəaliyyətinin icrası, dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni, turizmin inkişafı məqsədi ilə digər dövlət orqanları, müəssisələri və təşkilatları, habelə fiziki və hüquqi şəxslər, o cümlədən beynəlxalq və qeyri-hökumət təşkilatları arasında əlaqəli fəaliyyəti təmin etmək, qoruqların ərazilərindən məqsədyönlü istifadəni təşkil etmək və onların qorunub saxlanılmasını təmin etmək, milli kulinariya nümunələrinin qorunmasını və təbliğini təmin etmək istiqamətində fəaliyyət göstərir.

Agentliyin web-saytında Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATGA) üzvlüyünə qəbul, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi “Yaşıl Marafon” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyasında iştirak, jurnalistlər üçün mediatur və s. məsələlərlə bağlı məlumatlar dərc olunur. Təəssüf ki, Azərbaycanda turizmin inkişaf istiqamətləri, qarşıda duran vəzifələr, post-pandemiya dövrü üçün hazırlıq, fəaliyyət planları barədə heç bir informasiyaya rast gəlinmir.

Yalnız Palçıq Vulkanları Turizm Kompleksi barədə müəyyən məlumatlar öz əksini tapıb. Onu da deyək ki, Azərbaycanda turizm seqmentində fəaliyyət göstərən ictimai birliklərin sayı çox olsa da, onlardan ən məşhuru – Azərbaycan Turizm Assosiasiyası, qurumun sədri Nahid Bağırovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmasından sonra faktiki olaraq fəaliyyətsizdir.

No description available.

“RR Travel” şirkətinin direktoru Günəş Şirvanskaya AYNA-ya açıqlamasında deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il bazarda müəyyən canlanma müşahidə olunur: “Bilirsiniz ki, pandemiya ilə əlaqədar olaraq turizm sahəsi həm Azərbaycanda, həm də bütün dünya üzrə böyük zərər görüb.

Hətta bu sektoru pandemiyadan ən çox əziyyət çəkən sahə adlandırırlar. Təbii ki, koronavirus fonunda turizmə maraq ciddi şəkildə azalıb. Lakin ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il maraq qismən artıb. Əsasən daxili turistlərin aktivliyi nəzərə çarpır. O səbəbdən ki, xaricdən turistlərin Azxərbaycanda gəlişi xeyli çətindir. Buna görə onlar ya qohumluq vizası almalı, ya da Nazirlər Kabineti yanında Operativ Qərargaha öncədən müraciət etməlidirlər”.

“Bu baxımdan ölkə turizmi daxili bazar hesabına ayaqda qalmağı bacarır. Ölkəmizin müxtəlif turizm obyektləri pandemiyanın tələbləri gözlənilməklə fəaliyyət göstərir. Nəzərə alanda ki, pandemiya uzun müddətdir davam edir və əhali artıq psixoloji baxımdan yorulub, ötən ildən fərqli olaraq bu il heç nəyin fərqinə varmadan turizm obyektlərinə üz tuturlar”, - deyə müsahibimiz bildirib.

Yerli turistlərin əsasən paytaxta yaxın məsafədə yerləşən turizm obyektlərinə üz tutduğunu deyən G.Şirvanskaya qeyd edib ki, Quba-Xaçmaz zonası daha çox turist qəbul edir: “Ölkənin aparıcı turizm şirkətlərindən biri olaraq vaxtaşırı statistik araşdırmalar aparırıq. Gəldiyimiz yekun qənaət və müştərilərin müraciətləri əsasında deyə bilərik ki, yaxın məsafədəki ərazilərə daha çox turist səfər edir. Bunun da əsas səbəbi qısamüddətli istirahətlə bağlıdır”.

“Bilirsiniz ki, Azərbaycanda turizm mövsümü hər il iyun ayının 1-də rəsmi olaraq açıq elan edilir. Yay aylarında turizm potensialının yüksələcəyini gözləyirik. Ancaq bir daha söyləmək istəyirəm ki, bu, yalnız daxili turistlər hesabına baş verəcək. Çünki sərhədlərimiz faktiki olaraq bağlıdır və əgər bu müddətdə açılmazsa, xarici turistlərin ölkəmizə gəlişi müşkül olacaq. Ümumilikdə isə pandemiya dövrünü turizm üçün itirilmiş illər kimi qiymətləndirmək olar”, - şirkət direktoru vurğulayıb.

DTA-nın fəaliyyətindən danışan həmsöhbətimiz turizm şirkəti olaraq onlarla hər hansı neqativ məqam yaşamadıqlarını söyləyib: “Pandemiya dövrünə qədər müəyyən əməkdaşlıq var idi. Ölkənin aparıcı turizm şirkətləri Dövlət Turizm Agentliyinin keçirdiyi müxtəlif layihələrdə iştirak edirdi. Seminarlar və s. bu qəbildəndir. Pandemiya dövründə isə ümumən bu sahə faktiki olaraq çöküb və bu səbəbdən hər hansı əməkdaşlıq yoxdur. Lakin bizim bu qurumla problemimiz də yoxdur”.

No description available.

Lakin “EGE Travel” şirkətinin direktoru Mikayıl Mirzəzadə həmkarı kimi düşünmür. Onun AYNA-ya dediyinə görə, əksər dövlətlər pandemiyadan zərərçəkmiş sahələrə, o cümlədən turizm sektoruna dəstək göstərsə də, Azərbaycanda faktiki olaraq bu baş vermədi: “Düzdür, Azərbaycan hökuməti müəyyən kompensasiya ödədi. Lakin Azərbaycan Dövlət Turzim Agentliyi turizm şirkətlərinə heç bir dəstək göstərmədi. Nəinki maddi yardımlar, ümumiyyətlə maraqlanan olmadı”.

“Sanki turizm sektorunda baş verənlərin bu quruma heç bir aidiyyəti yoxdur. Baxmayaraq ki, ən böyük ziyan turizm şirkətlərinə dəymişdi, Dövlət Turizm Agentliyi heç bir əməli addım atmadı. Hər hansı maarifləndirici, mentorluq fəaliyyəti göstərilməməklə yanaşı, ümumilikdə bu qurum ölkə turizminin inkişafına əngəl törədir”, - deyə həmsöhbətimiz bildirib.

Mirzəzadə qeyd edib ki, bir çox dövlət tenderlərinin qalibi məhz Agentliyin təqdimatı ilə onlara yaxın şirkətlər olur: “Nəticədə orta və mikro sahibkarlar - hansılar ki, öz gücü ilə fəaliyyət göstərirlər - prosesdən kənarda qalırlar. Bu da, heç şübhəsiz, liberal bazar iqtisadiyyatı qanunlarına və sağlam rəqabət mühitinə zərbə vurur. Kiçik bir araşdırma aparsaq, görərik ki, Dövlət Turizm Agentliyində pandemiya nəticəsində bağlanan şirkətlərin siyahısı belə, yoxdur”.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84