Türkiyə-Fransa çəkişməsinin əsas səbəbi: Qazanan Rusiyadır

14:27 - 28 Noyabr
    3110 oxunma

Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması ilə nəticələnən 44 günlük döyüşlərdə ən çox itirən tərəf Avropa Birliyi oldu. Bu baxımdan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr bəyanatı Avropa üçün, daha doğrusu, Avropa Birliyini Qarabağ münaqişəsinin həll olunması prosesində təmsil edən Fransa üçün "soyuq duş” effekti yaratdı.

Həm Gürcüstan, həm də Ukrayna ərazilərinin Rusiya tərəfdən aneksiya olunmasına qarşı faktiki heç nə edə bilməyən Avropa Birliyi şərq cəbhəsində bir daha məğlub oldu. Belə ki, Avropa Birliyinin yeganə nüvə dövləti olan Fransa Ermənistanın Azərbaycana məğlub olması fonunda Türkiyənin Cənubi Qafqazda hərbi varlığına da mane ola bilmədi.

Amma Fransanın timsalında Avropa Birliyi Cənubi Qafqazdakı yeni reallıqları asanlıqla həzm etməyəcəyini nümayiş etdirməkdədir. Bu baxımdan Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikasını” tanıması ilə bağlı qərar verdi. Eləcə də Avropa Parlamenti Kipr probleminə görə Türkiyəyə qarşı təzyiqlərə başladı. 

Qeyd edək ki, NATO üzvü olan 2 ölkə arasında gərginlik uzun illərdir davam edir. Türkiyənin son illər Aralıq dənizindən Afrikanın mərkəzinə doğru genişləməsi buradakı əsas söz sahibi Fransanı çox ciddi narahat edir. Rəsmi Paris də, Ankaranın Afrikada genişləməsinə Yaxın Şərqdə Türkiyəni əhatələmək siyasəti ilə cavab verməyə çalışır. Onlar arasında mübarizə Liviya, Livan, Şərqi Aralıq və Qərbi Afrika cəbhələrində şiddətli hiss olunmaqdadır. 

Qarabağ münaqişəsinin əmələ gətirdiyi Qafqaz cəbhəsi də Türkiyə-Fransa rəqabətinin çox aşkar hiss edildiyi cəbhələrdən biridir; burada hər iki ölkə münaqişə tərəflərinin ənənəvi və ən yaxın müttəfiqləridir. Türkiyə bütün imkanları ilə Azərbaycanı, Fransa isə Ermənistanı dəstəkləyir. Fransa həm də münaqişənin həllində vasitəçi olan 3 ölkədən biridir. Bununla belə, Qarabağ müharibəsinə son qoyan 10 noyabr bəyanatında Fransanın heç bir iştirakı olmadı.

Görünənlər isə onu deməyə əsas verir ki, Türkiyə regional faktorlardan istifadə edərək Avropa Birliyini, eləcə də Fransanı hər 3 cəbhədə sıxışdırmağa davam edəcək. Fransa da Qarabağ münaqişəsinə daha çox "diqqət"də saxlamaqla Türkiyəni neytrallaşdırmağa çalışacaq. Bütün bunların fonunda isə Rusiya regional maraqlarını daha çox təmin edir və etməyə də davam edəcək. Bunun üçün Rusiya NATO daxilində münasibətlərin daha da gərginləşməsində maraqlı olduğunu da gizlətmir...

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84