Tərbiyəçinin tərbiyəsi və ya Mehdiyevin dövlət anlayışı

11:57 - 09 Sentyabr
    6270 oxunma

Razi Abbasbəyli
iqtisadçı ekspert

Uzun zamandır düşünürəm. Açığı çoxlarından daha fərqli olaraq Ramiz Mehdiyevi, Əli Həsənovu tənqid etmək haqqım var. Bir neçə dəfə dövlət qulluğuna imtahan vermişəm. Yüksək bal toplamışam, lakin son anda Əli Həsənov və onun patronu Ramiz Mehdiyev müsahibə mərhələsində mənə qadağa qoyublar. İşsiz qalmağımda səbəb bu iki şəxs olub. 

1996-cı ildən bu günə qədər aktiv ictimai-siyasi fəaliyyətlə məşğulam. Mediada da bu qədər iş təcrübəm var. Bu günə qədər heç bir müsabiqədə qalib olmamışam, Əli Həsənov nə jurnalist kimi mənzil almağıma, nə də hansısa mükafatla təltif edilməyimə imkan verməyib. Bütün həyatım boyu bu Mehdiyev-Həsənovun karyeramın önündə bir baryer olduğunu hiss etmişəm. Dostları Əflatun Amaşovun gilyotin şurası vasitəsilə zəhləmi töküblər. Başqa basqılar və təzyiqlər də olub.

Artıq Azərbaycan dəyişir. Mediada, sosial şəbəkədə rahat nəfəs almaq mümkündür. Sağlam, təhqirsiz istənilən əsaslandırılmış tənqidi fikirə müəlliflik etmək olur.

Azərbaycanda sözün bütün mənalarında yaxşı mənada dəyişikliklər başlayıb. Şəxsən dost olduğum, şəxsən münasibətim olan onlarla gənc kadr var ki, hazırda yüksək vəzifələrdə çalışırlar. Onların arasında millət vəkilləri, icra başçıları, nazir, nazir müavinləri də var. Böyük dövlət qurumlarında rəhbər vəzifədə təmsil olunanlar da. Amma onların heç birindən bu günə qədər şəxsim üçün heç nə istəməmişəm. İstəməyəcəm də. Bu dostlarımın Azərbaycan dövlətində yüksək vəzifə tutmaları sözün əsl mənasında dövlətimizin xeyrinədir.

Bu arayışı ona görə yazdım ki, kimsə məni əvvələr Mehdiyevi-Həsənovu tənqid edə bilməyib, ondan yararlanan, bu gün simasını dəyişib onları söyənlərlə eyni sırada görməsinlər. Dünən də, srağagün də, bu gün də, sabah da bu iki şəxsi tənqid etmişəm, edirəm və edəcəm. Amma bu günə qədər bir çoxlarının diqqət etmədiyi bir məqama diqqət etsək, məncə, daha doğru olar.

Ramiz Mehdiyev öz bağ evində nəvəsinə toy edir. Sonra təşkilatçılar və iştirakçılar inzibati tənbeh qaydasında cəzalandırılır. 40 il Azərbaycan dövlətinin ən yüksək məqamlarında əyləşən, guya dövlətin idealoji yükünü daşımış, fikir formalaşdırmış birisi 82 yaşında heç təmkinli görünmür. Ağlayan, küsən, inciyən şıltaq uşaq kimi görünür. Ramiz Mehdiyev ərköyün avtoşlar kimi, haqsız demaqoqlar kimi yazır - pozur.

"Məndən başqa toy edənlər niyə cəzalandırılmır?" Bu həmin ərköyün avtoşun qayda pozandan sonra yol polisinin saxladığı anda digər sürücüləri göstərib "onları niyə cərimələmirsiniz" deyib hay küy salmasına bənzəyir. Üzrü qəbahətindən betər. Qanunu sıravi Məhəmmədhəsən kişinin pozması o qədər də dəhşətli deyil. Avam olar, qanmaz olar, uşaq olar, cəzalanar, ağıllanar. Amma 40 ildən çox dövlətin ən yüksək zirvəsində oturan bir adam qanunu pozur və durub hələ şikayət də edir.

Ramiz Mehdiyev "Dövlətimiz belə uyğun bilibsə başımız qurban" deyə bilmədi. Dövlət, millət, bayraq anlayışı bu adamın kürəkənin qollarına qandal vurulanda yadından çıxdı. Heç bəlkə bu anlayışı yoxdu, talamaq, dağıtmaq, tiranlıq etmək, şərləmək anlayışı bir gün belə Mehdiyevin düşüncəsindən çıxmayıb. Adına siyasət deyib, özünü haqlı sayıb ki, bəlkə dövləti belə qururlar, belə idarə edirlər. Düşünüb ki, dövlətdə vəzifə tutmaq ailəsinə xidmət etmək deməkdir.

Ramiz Mehdiyev iddia edirsə ki, dövləti quranlardan biri olub, olsun, düşünə bilərdi. Amma qanunu pozanda dövlətin qərarına boyun əyməyi bacarmalı idi. Bacarmadı. Çünki dövlətçilik anlayışı kürəkəninin göz yaşları axmağa başlayanda yadından çıxdı. Bunun adı düşmən dəyirmanına su tökməkdi. İllərlə ittiham edib şərlədiyi, günahsız həbsə atdığı insanlar dövlət məsələsi olanda susurdu.

Biz belə tərbiyə görmüşük, Ramiz Mehdiyev. Dövlətimiz harda olmağımızı uyğun bilirsə, başımız-gözümüz üstünə deməyi bacarırıq. Sən bunu bacarmadınsa, tarix qarşısında ən ağır qınaqla əbədi olan Azərbaycanda belə də yadda qalacaqsan.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84